AZ

FT: Səudiyyə şahzadəsinin “xəyal etdiyi” şəhər layihəsi iflasa uğrayır...

Məhəmməd ibn Salmanın “The Line” layihəsi texnoloji və maliyyə reallıqları ilə toqquşub...

Poliqon xəbər verir ki, The Financial Times qəzetinin araşdırmasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın futuristik “Neom” meqapolisi çərçivəsində planlaşdırdığı “The Line” adlı nəhəng layihə faktiki olaraq iflas həddinə çatıb.

Layihənin məqsədi 170 kilometr uzunluğunda, 500 metr hündürlüyündə divar-şəhər inşa etmək idi. Burada 9 milyon nəfərin yaşayacağı, nə küçələrin, nə də avtomobillərin olacağı, hərəkətin isə yeraltı yüksək sürətli qatarlar və avtonom nəqliyyat vasitələri ilə təmin ediləcəyi bildirilirdi. “The Line” konsepsiyası “karbonsuz gələcəyin vertikal şəhəri” kimi təqdim edilirdi – bütün məktəblər, xəstəxanalar və mağazalar beş dəqiqəlik məsafədə yerləşəcəkdi.

Layihənin ən simvolik hissəsi “yeraltı marina” adlanan nəhəng liman kompleksi olmalı idi — səhrada inşa ediləcək bu liman şüşə qübbə ilə örtüləcək, onun üstündə 30 mərtəbəli bina və 350 metr hündürlükdə stadion yerləşdiriləcəkdi. Lakin mühəndislər xəbərdarlıq etmişdilər ki, bu cür quruluşlar fizikanın qanunlarına ziddir və stabil saxlanılması mümkün deyil.

Zaman keçdikcə layihənin xərcləri kəskin şəkildə artdı, tikinti müddətləri uzandı, gözlənilən xarici investisiyalar isə reallaşmadı. Nəticədə “Neom” üzrə işlər demək olar ki, dayandı və hazırda yalnız dağ-xizək kurortu “Trojena”da tikinti davam etdirilir.

“The Financial Times”ın keçmiş işçilərə istinadla yazdığına görə, Səudiyyə rəsmiləri artıq “The Line”ın mövcud formada həyata keçirilməsinin mümkünsüz olduğunu anlayıblar və layihəni “sakit şəkildə” dayandırmaq üçün addımlar atırlar.

Ekspertlərin fikrincə, bu uğursuzluq vəliəhd şahzadənin “Vision 2030” strategiyasına ciddi zərbə vurur və neftdən asılı olmayan gələcək iqtisadi model qurmaq planlarını risk altına salır.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr