Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı təqsirləndirilərək məhkum olunan həkim Sənan Mehdiyev apellyasiya şikayəti verib.
Far.Az "Report"a istinadən xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.
Xatırladaq ki, S.Mehdiyev Nəsimi Rayon Məhkəməsinin hökmü ilə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mənsurlunun müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı N.Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.