Meksika ABŞ-ın onun daxili işlərinə müdaxiləsinə dözməyəcək.
Musavat.com xəbər verir ki, bu bəyanatla Meksika prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında çıxış edib: "ABŞ-dan heç bir müdaxilə olmayacaq, çünki Meksika xalqı hər hansı bir müdaxiləni rədd etməkdə həmrəydir. Bir neçə nəfər istisna olmaqla, heç bir meksikalı hər hansı bir kənar müdaxilə və ya təzyiq istəmir".
O əlavə edib ki, Meksika ABŞ hökuməti ilə dialoqa və əməkdaşlığa üstünlük verir: "Bizim heç bir halda müdaxiləyə icazə verməyən çərçivə müqaviləmiz var; bu, əməkdaşlığa və tərəfdaşlığa əsaslanır". Şeynbaum vurğulayıb ki, "Meksika azad, müstəqil və suveren ölkə olaraq qalır".
Bundan əvvəl NBC mənbələrə istinadən Tramp administrasiyasının Meksikada narkotik kartelləri ilə mübarizə aparmaq üçün yeni bir əməliyyatın ətraflı planlaşdırılmasına başladığını bildirmişdi. Plana ABŞ hərbçiləri və kəşfiyyat işçilərinin ölkədə quru əməliyyatları aparmaq üçün yerləşdirilməsi daxildir. Bildirilir ki, əməliyyatın əhatə dairəsi hələ də müzakirə olunur və yekun qərar hələ verilməyib. Amerika qüvvələrinin əsasən narkotik kartel üzvlərinin və liderlərinin bazalarına zərbə endirmək üçün dronlardan istifadə edəcəyi gözlənilir.
Musavat.com