BAKI, 7 noyabr. TELEQRAF
ABŞ Ədliyyə Nazirliyi Vaşinqtonun meri Müriel Bouzer barəsində seçki kampaniyalarının maliyyələşdirilməsi və korrupsiyaya qarşı qanunların pozulması ehtimalı ilə bağlı istintaq aparır.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Mənbələr bildirir ki, araşdırma artıq bir neçə aydır davam edir və Bouzerin Qətər tərəfindən maliyyələşdirildiyi iddia edilən xarici səfəri ilə əlaqəlidir. İstintaq çərçivəsində merin Qətərin maraqları naminə hər hansı hərəkət edib-etmədiyi müəyyənləşdirilməlidir, lakin hələlik bu barədə sübutlar yoxdur.
Merin ofisi NYT-yə açıqlamasında araşdırmadan xəbərsiz olduqlarını qeyd olunub.
“Bu, işgüzar səfər idi. Vaşinqton rəsmiləri şəhəri investisiyalar və inkişaf üçün cəlbedici istiqamət kimi tanıtmaq məqsədilə bu cür səfərlər edirlər” - açıqlamada bildirilib.
Bouzer Demokrat Partiyasının üzvüdür və 2015-ci ildən Vaşinqtonun meri vəzifəsini tutur. O, 2023-cü ildə dörd əməkdaşı ilə birlikdə BMT-nin iqlim konfransında iştirak etmək üçün Dubaya səfər edib. Rəsmi açıqlamada səfərin xərclərinin ABŞ Merlər Konfransı tərəfindən qarşılandığı bildirilsə də, sonradan məlum olub ki, təşkilat yalnız səfərin bir hissəsini ödəyib. The New York Times iddia edir ki, Bouzerin Dohanı ziyarəti üçün 61 min dollardan çox vəsaiti Qətər ödəyib.