AZ

10 kiloqram narkotiklə tutulan Aqşin Əmirova hökm oxunub

BAKI, 7 noyabr. TELEQRAF

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan şəxs hakim qarşısına çıxarılıb.

Teleqraf xəbər verir ki, 1988-ci il təvəllüdlü, Ağdam rayonunun Salahlı kənd sakini Aqşin Əmirov 10 kiloqram çəkidə psixotrop maddə- metamfetamini əldə edərkən saxlanılıb.

İttihama görə, Aqşin Əmirov şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran vətəndaşının göstərişi ilə maddi qazanc qarşılığında külli miqdarda narkotik vasitəni əldə edərək, ona deyilən ünvana çatdırmalı imiş.

Aqşin Əmirov “Yeni Günəşli” qəsəbəsi ərazisində narkotik vasitəni əldə edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmədə ifadə verən Aqşin Əmirov özünü qismən təqsirli bilib. O, adını xatırlamadığı İran vətəndaşını taksi sürücüsü işləyən vaxt tanıdığını bildirib. Əmirov həmin şəxsdən bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə aldığını deyib. Sonuncu dəfə də şəxsi istifadəsi üçün narkotik vasitə almağa getdiyini söyləyib və elan edilən ittihamı qəbul etmədiyini bildirib.

Məhkəmənin hökmü ilə Aqşin Əmirov külli miqdarda narkotik vasitə əldə etmə və saxlama maddəsi ilə təqsirli bilinib. Onun istintaqda verdiyi etirafedici ifadə və şahidlərin ifadələri sübut kimi qiymətləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Əmirov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
70
teleqraf.com

1Mənbələr