AZ

Xalqımız tarixi qələbə ilə hər zaman öyünəcək

2020-ci ilin payızında şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 44 gün davam edən Vətən müharibəsində 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızı azad etdi. Bir an olsun belə səngiməyən döyüşlərdə zabit və əsgərlərimiz misilsiz qəhrəmanlıq  göstərdilər. Düşmən üzərində qazanılan bu tarixi qələbə xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin, ordumuzun gücünün, daim inkişaf edən iqtisadiyyatının, dövlətimizin baçısının siyasi uzaqgörənliyinin təntənəsidir. Tariximizin səhifələrində dərin iz qoymuş Zəfər Günü Azərbaycan dövlətinin və xalqının birlik rəmzinə çevrildi. 

İkinci Qarabağ müharibəsində əldə olunan qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bununla da beynəlxalq hüququn tələbləri reallaşdı və illərlə davam edən ədalətsizliyə, haqsızlığa son qoyuldu. Xalqımızın biri-birindən cəsur oğulları döyüş meydanlarında göstərdikləri igidlikləri ilə erməni qəsbkarlarını məğlubiyyətə uğradıb, tarixi ədaləti bərpa etdilər. 

Xoş anlar yaşadığımız bu günlərdə hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi olduğundan qürur duyur, iftixar hissləri keçirir. Erməni qəsbkarları üzərində qazanılan tarixi Zəfərdən beş il keçir. Amma tariximizin şərəfli səhifəsi keçmişdə qalmayıb. Zəfər Günü həm dünənki, həm bugünkü, həm də gələcək nəsillər üçün əbədi-əzəli vətənpərvərlik, fədakarlıq və qəhrəmanlıq nümunəsi olaraq qalacaq. Azərbaycan xalqı gələcək bütün zamanlarda bu şanlı və iftixar dolu Zəfərlə fəxr edəcək, qürur duyacaq.

27 sentyabr 2020-ci ildə erməni işğalçılarının təxribatı  nəticəsində İkinci Qarabağ müharibəsi başlayan kimi ürəyi Vətən eşqi ilə döyünən oğullar çağırış gözləmədən döyüşlərə yollandılar. Qələbə əzmi, Zəfər ovqatı ilə Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərə qoşuldular. Rəşadətli Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri düşməni geri sıxışdırıb irəlilədikcə, xalq arxa cəbhədə əzm və fədakarlıq nümayiş etdirməyə başladı. 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə həkimlər, gənclər, qadınlar, jurnalistlər - bir sözlə, hamı bu müqəddəs mübarizədə biri-birinə dayaq durdu. Torpaqlarımızın erməni işğalçılarından azad olunması naminə hamı üzləşdiyi çətinliyə mərdliklə sinə gərdi. Azərbaycan xalqı çalışdı ki, sıralarında övladlarının döyüşdüyü ordu müharibədə erməni işğalçılarına qalib gəlsin, uzun illərdən bəri düşmənin əlində qalmış torpaqlarını azad etsin. Yurdun azadlığı uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqı sonda məqsədinə, amalına çatdı, düşmənin başını əzərək qalib gəldi. 

Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-də düşmən hücumlarını dəf etdikdən sonra torpaqlarımızın azadlığı uğrunda başladığı uğurlu əks-hücum əməliyyatı zamanı 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik işğalçılardan təmizləndi.

Vətən müharibəsinin davam etdiyi günlərdə döyüş təkcə ön cəbhədə deyil, həm də informasiya məkanında aparılırdı. Müharibə başlayar-başlamaz  Ermənistan illərcə əvvəl yaratdığı saxta təbliğat maşınını işə saldı. Azərbaycan əleyhinə yalanlar püskürməyə başladı. Amma bu dəfə ermənilərin planları baş tutmadı, iflasa uğradı. Xaricdə yaşayan soydaşlarımız Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq, Azərbaycanın haqq işi uğrunda fəal mövqe nümayiş etdirdilər. Real vəziyyəti, müharibədə kimin haqlı, kimin haqsız olduğunu beynəlxalq aləmə çatdırdılar. Aparılan uğurlu təbliğat nəticəsində dünya Azərbaycanın haqlı tərəf olduğunu dəqiqləşdirdi. Soydaşlarımızın apardıqları təbliğat işi bir daha göstərdi ki, Azərbaycan xalqı təkcə bir coğrafi məkanla məhdudlaşmır - o həm də bütün dünyada yaşayan və öz sözünü deyə bilən böyük qüvvədir. Zəfərdən sonra xalqımızın birliyi və həmrəyliyi daha da möhkəmləndi. Buna görə də inamla demək olar ki,  Zəfər Günü həm də insanlarımızın yaddaşında birlik, mübarizə və qürur rəmzi kimi əbədi olaraq qalacaq. Həmişə də iftixarla, qürurla xatırlanacaq.

Dünyada yaşayan bütün xalqların tarixində əlamətdar, müqəddəs günləri olur. Belə əlamətdar günlər heç vaxt unudulmur, daim qürurla, iftixarla yad edilir. Çünki həmin günlər yalnız bir dövrün deyil, bütöv bir millətin tarixini, dünənini, bu gününü və sabahını dəyişdirir. Nə xoşbəxtik ki, Azərbaycan xalqının taleyində bu cür günlər çoxdur. Belə əlamətdar günlərdən biri də 2020-ci ilin 8 noyabrında düşmən üzərində qazanılmış qələbənin şərəfinə təntənə ilə qeyd olunan Zəfər Günüdür. Bu gün Azərbaycan xalqının qürur, şərəf və iftixar tarixidir. İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin rəmzidir. Torpaqlarımızın azadlığı uğrunda erməni işğalçılarına qarşı 44 gün davam edən və Zəfərimizlə başa çatan müharibə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyini, müdrikliyini, dövlətimizin gücünü, ordumuzun qüdrətini, xalqımızın sarsılmaz gücünü, birliyini və iradəsini dünyaya göstərdi. Otuz ilə yaxın davam edən işğalın, sarsıntıların, danışıqların sonunda Azərbaycan xalqı öz tarixi torpaqlarını gücü, qüdrəti və qəhrəmanlığı ilə azad etdi. Vətən müharibəsi dövründə Azərbaycan xalqı misilsiz birlik nümayiş etdirdi. Prezident İlham Əliyev hələ müharibədən əvvəlki çıxışlarında bu amili xüsusi olaraq qeyd edərək demişdir: "Biz güclü dövlət, güclü ordu, vətənpərvər xalq sayəsində istənilən hədəfə çata bilərik". Dövlətimizin başçısının çox böyük uzaqgörənliklə söylədiyi bu dəyərli sözlər 2020-ci ilin payızında Zəfərimizlə öz təsdiqini tapdı.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan xalqına çağırış edərək bildirdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlıları bir amal - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. Bundan sonra dünya azərbaycanlılarının birliyinin təmin edilməsi, diaspor quruculuğu dövlət siyasətimizin əsasına çevrildi. Son 22 ildə Prezident İlham Əliyev bu istiqamətdə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirir. Ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri də 44 günlük Vətən müharibəsində erməni işğalçılarına qarşı cəsarətlə vuruşaraq böyük igidlik və qəhrəmanlıqlar göstərdilər. İkinci Qarabağ müharibəsinin davam etdiyi, şəhər və kəndlərimizin erməni işğalçılarından azad edildiyi günlərdə etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları həm ön, həm də arxa cəbhədə sarsılmaz birlik və yüksək həmrəylik nümayiş etdirdilər.

İkinci Qarabağ müharibəsi başa çatan kimi dərhal azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Bu gün Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur, dirçəlir. Qısa müddət ərzində Zəfər yolu  tikilib istifadəyə verildi. Biri-birinin ardınca Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyanın üzünə açıldı. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının qısa müddətdə istifadəyə verilməsi  həm bu ərazilərin strateji əhəmiyyətini, həm də ölkəmizin iqtisadi qüdrətini və gücünü dünyaya göstərdi. Böyük qayıdış proqramının I mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün öz doğma yurduna qayıdışı nəzərdə tutulub. 

Zaman hiss olunmadan ötüb keçir. Artıq tarixi Zəfərimizin beş ili tamam olur. Rəşadətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 2020-ci ilin payızında, 44 gün ərzində erməni işğalçılarını məğlub edərək, Azərbaycan xalqına Zəfər sevinci yaşatdı, regiona sülh gətirdi. Şanlı Azərbaycan Ordusu ərazilərimizlə yanaşı, tarixi və milli kimliyimizi də, qürurumuzu da özümüzə qaytardı. İkinci Qarabağ müharibəsində qazanılan qələbəmiz tarixin səhifələrinə böyük hərflərlə yazıldı. Bu şanlı tarixlə, bu şanlı Zəfərlə Azərbaycan xalqı bütün zamanlarda fəxr edəcək. 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
44
azerbaijan-news.az

1Mənbələr