AZ

Masazırda göl qurudulub, yerində evlər tikilir – Təhlükə ilə bağlı HƏYƏCAN TƏBİLİ

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən gölün qurudularaq yerində fərdi yaşayış evlərinin salındığı bildirilir. Bu hal həm ekoloji, həm də təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur. Ekspertlər hesab edir ki, qurudulmuş göl ərazilərində ev tikintisi həm ekoloji, həm də sağlamlıq baxımından yolverilməzdir.

Ekoloq Rövşən Abbasov Bizim.Media-ya açıqlamasında bu tip ərazilərdə tikinti aparmağın qəti şəkildə qadağan edilməli olduğunu bildirib:

 “Bir neçə səbəbdən gölün yerində evlərin tikilməsi düzgün deyil. Əvvəla, göllərin qurudulmasına yol vermək olmaz. Əgər göl qurudulubsa, deməli, ya su mənbələri kəsilib, ya da gölün su balansı pozulub. Abşeronda bir çox göllər duz mənbəyi kimi istifadə olunurdu”.

 Ekspert həmçinin qeyd edib ki, belə yerlərdə inşa edilən evlərdə yaşamaq insan sağlamlığı üçün təhlükə yaradır:

 “Bu ərazilərdə rütubət və nəmişlik çox olur, bu da yaşayış şəraitini çətinləşdirir. Rütubətli evlər revmatizm kimi xəstəliklər yaradır, mebel və digər əşyalar tez sıradan çıxır. Buna görə də qurumuş gölün yerində ev tikilməsi yolverilməzdir”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətindən saytımıza bildirildi ki, sözügedən ərazidə uzun illər ərzində yaşayış evləri inşa olunub:

“Amma fərdi yaşayış evlərinin ərazinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tikinti normalarına uyğun tikilib-tikilməməsi barədə rəyi aidiyyəti qurumlar verə bilər”.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
46
2
bizim.media

3Mənbələr