AZ

Tehran “Tramp yolu”na qarşı?

Ekspert: “İranın gözü qarşısında proses reallaşdırılır və buna mane ola bilməyəcək”

İranlı politoloq Həsən Şirzadi noyabrın 4-də “Orbeli 2025" beynəlxalq forumunda çıxışında  deyib ki, Tehran ABŞ-yə etibar etmir: "Niyə onlara etibar etməliyik?  Əgər ABŞ Cənubi Qafqaz regionu üçün yaxşı bir şey etmək istəyirsə və hər şey belə bitərsə, bu, əladır. Əgər onlar Ermənistan və Azərbaycana sülh yolunda kömək edirlərsə, bu, yaxşıdır. Amma mən bunun perspektivinə o qədər də inanmıram.

Onların “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə bağlı planları nədən ibarətdir? Əgər marşrut budursa, yollarımız və Ermənistanla əlaqələrimiz məhdudlaşdırılmayacaqsa, heç bir problem yoxdur. Bu halda, bu yol İran yolu ilə rəqabət aparacaq və bu, problem deyil, biz buna hazırıq. Rəqabət hər şeydə yaxşıdır. 

Lakin başa düşdüyüm qədər ABŞ həmişə hərbi komponenti nəzərə alır. Sərhədlərimiz boyunca Amerika podratçılarının təhlükəsizlikdə rol oynaması bizim üçün qəbuledilməzdir. Əgər bu, iqtisadi layihədirsə, deməli, çox yaxşıdır. Amma onlar bunun sırf iqtisadi layihə olduğunu sübut etməlidirlər".

İranlı ekspert əlavə edib ki, rəsmi Tehran layihənin hərbi, siyasi və ya digər məqsədlər üçün deyil, sırf iqtisadi məqsəd daşıdığından əmin olmalıdır

Ekspertə görə, Həsən Şirzadinin çıxışı İran rejiminin Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından və kommunikasiyaların açılmasına dair razılaşmadan narahatlığını göstərir.

Yəni İran müxtəlif siyasi təxribatlara əl atmaqla regionda sülhün bərqərar olmasına və Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır. Yada salaq ki, ABŞ liderinin “Tramp yolu” (TRIPP) barədə sazişi İranın tələblərinə cavab verir. İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti isə daha əvvəl demişdi ki, İran Qafqazda “Amerika dəhlizi”nin inşasının qarşısını alacaq. İran Prezidenti Məsud Pezeşkian isə “TRIPP”lə bağlı ölkəsinin “yeganə narahatlığının” yolun ABŞ şirkəti tərəfindən tikilməsi olduğunu desə də, Əli Əkbər Vilayəti bu mövzuda daha sərt çıxış edib. O bildirib ki, İran marşruta qarşı çıxacaq.

Zəngəzur dəhlizinin sırf iqtisadi layihə olduğunu İrana sübut etməyə ehtiyac varmı? Sübut edilməsə, məgər İran layihənin gerçəkləşməsinə imkan verməyəcək? Bacaracaqmı?

Elxan

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Zəngəzur dəhlizi mövzusunu aktuallaşdırdı, İranda isə ilk vaxtlardan etibarən mühafizəkarların əksəriyyəti buna qarşı çıxdılar, bu gün də həmin mövqedədirlər, lakin artıq açıq formada bəyanatlar verə bilmirlər: “Hamısı bir ağızdan deyirdilər ki, Zəngəzur dəhlizi olmayacaq, buna İran imkan verməyəcək. Amma sonda nə baş verdi? 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi paraflandı, ABŞ-nin da iştirakı ilə TRAMP yolu elan edildi, razılaşmalar oldu və bu addım Azərbaycanla Ermənistanın istəkləri əsasında həyata keçirildi. İndi artıq dəhliz tikilir. Azərbaycan öz hissəsində dəhlizin tikintisini bitirmək üzrədir, Ermənistan isə gələn il öz ərazisindən keçəcək hissəsində tikintiyə başlayacaq. Yəni İranın gözləri qarşısında belə bir proses reallaşdırılır və İran indiyə qədər buna mane ola bilmədiyi kimi, bundan sonra da mane ola bilməyəcək. Halbuki illərdir "İran heç vaxt buna imkan verməyəcək" deyirdilər. Amma İranın bu mövqeyini nəzərə alan olmadı. Çünki İran mühafizəkarları əsassız yerə narazılıq edirdi və hay-küy salırdılar. Zəngəzur dəhlizi İrana qarşı layihə deyil. Əksinə, bu yoldan gələcəkdə İran və Rusiya da faydalana bilər. Digər tərəfdən, Azərbaycanla İran axı öz ərazilərindən öz aralarında da dəhliz tikirlər - Araz dəhlizi".

Politoloq dedi ki, belə bir vəziyyətdə indi kimlərinsə “İran Zəngəzur dəhlizinə imkan verməz, Zəngəzur dəhlizi İranın təhlükəsizliyinə qarşıdır” kimi fikirləri ortaya atması sadəcə sözlərdir, boş hədələrdir: “Bizim üçün önəmli olan İran rəsmi strukturlarının mövqeyidir. İran rəsmi strukturları, o cümlədən prezident Məsud Pezeşkian Zəngəzur dəhlizi-Tramp yolu əleyhinə heç nə demir. Çünki başa düşür ki, bu yol İranın da faydasınadır. Hansısa mühafizəkarlara yaxın siyasi şərhçinin və ya saytın mənasız hədə-qorxusunun və açıqlamasının prosesə heç bir təsiri olmayacaq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Seçilən
8
3
musavat.com

4Mənbələr