AZ

Zəfər Parkı və Zəfər Muzeyi "PAŞA Holdinq" tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verildi - FOTO

2025-ci il noyabrın 6-da "PAŞA Holdinq" və Bakı Şəhər İcra Hakimiyyəti arasında Razılaşma protokolu imzalanıb. Protokola əsasən "PAŞA Holdinq"in maliyyə dəstəyi ilə inşa edilmiş Zəfər Parkı və Zəfər Muzeyi Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib. Sənədi "PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Qasımov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov imzalayıblar.
 
Zəfər Muzeyi 2024-cü ildə tikilmiş Zəfər Parkının ərazisində yerləşir. Hər iki layihənin inşası Azərbaycan xalqının 2020-ci ildə əldə etdiyi tarixi qələbəni və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.
 
Zəfər Parkının ümumi ərazisi 9.16 hektar, yaşıllıq zonaları isə 4.24 hektar təşkil edir. Layihə çərçivəsində 44 metr hündürlüyündə Zəfər tağı, 9.9 metr hündürlüyündə memorial abidə, həmçinin şəhidlərin adlarının yazıldığı 8.8 metr hündürlüyündə xatirə divarı inşa edilib. Parkın tikintisinə 114.5 milyon AZN vəsait sərf olunub.
 
Zəfər Muzeyinin ümumi sahəsi 4278 kvadratmetr olan bina, 8 sərgi zalı, auditorium zonası (90.7 kvadratmetr) və s. ilə ziyarətçilərin istifadəsinə təqdim olunacaq. Muzeyin inşası üçün 59.5 milyon AZN məbləğində vəsait ayrılıb.
 
Tarixi Zəfərimiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bütün Azərbaycan xalqı kimi, "PAŞA Holdinq" üçün də xüsusi önəm kəsb edir. İstər işgüzar fəaliyyəti, istərsə də sosial məsuliyyət təşəbbüslərində "PAŞA Holdinq" bu mövzulara daim diqqət və həssaslıqla yanaşır.
 
"PAŞA Holdinq" 2021-ci ildən etibarən azad olunmuş ərazilərin bərpa və yenidənqurma prosesində fəal iştirak edir. Xüsusilə tarixi, dini və mədəni irsin qorunması istiqamətində holdinq bir sıra mühüm layihələrə dəstək verib. Şirkətin maliyyə dəstəyi ilə Aşağı Gövhərağa, Yuxarı Gövhərağa, Saatlı məscidi, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi bərpa olunub. Həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə Suqovuşan məscidi, Zəngilan məscidi, Hadrut məscidi və Daşaltı məscidi inşa edilib. Qeyd edək ki, hal-hazırda Şuşa, Cəbrayıl və Laçın məscidlərinin inşası davam etdirilir.
Seçilən
3
11
moderator.az

10Mənbələr