AZ

Türkiyədəki tələbə təşkilatı rəhbərinin “sevgi oyunu”: Onun azadlığa çıxmaq istəyi baş tutmadı - TƏFƏRRÜAT

Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri, Ağcabədi rayon sakini Əlixan Məhərrəmlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, 1997-ci il təvəllüdlü Əlixan Məhərrəmliyə təhsil aldığı Türkiyənin Kayseri şəhərindən tanıdığı, dostluq münasibətlərində olduğu Sevinc adlı qız Polşada cinayət törətmiş tanışının Türkiyəyə qayıtmasına köməklik göstərməsini xahiş edib.
 
Əlixan Məhərrəmli 2023-cü ilin aprel ayında Sevincə Türkiyə ərazisində bütün hüquqi məsələlərlə məşğul olan etibarlı vəkil tanışı olduğu barədə yalan məlumat verib. Zərərçəkmiş inanaraq vəkillə bağlı təklifi qəbul edib.
 
Əlixan Məhərrəmli bu məsələlərin həlli üçün vəkilə 68 min manata ekvivalent olan 40 min ABŞ dolları ödənilməli olduğunu bildirib. Sevinc bu barədə anasına məlumat verib. Ana aprelin 26-da yaşadığı ünvanda Əlixanla görüşüb. Əlixan onu yaranmış vəziyyətlə bağlı araşdırmaya vəkil vasitəsilə müdaxilə olunması zərurətinə və vəkilə ödəniləcəyi adı ilə külli miqdarda pul verilməli olduğuna inandırıb.
 
Bununla da 68 min manatın 2000 manatının aprelin 26-da Yeni Yasamalda yerləşən “Bravo” supermarketində quraşdırılmış “E-manat” terminalı vasitəsi ilə kartına köçürülməsinə nail olub.
 
Bundan sonra vəkillə məsləhətləşən Sevinc və anası aldandıqlarını başa düşüblər və bu barədə polisə məlumat veriblər.
 
Əlixan pulun yerdə qalan hissəsini istədikdə ona dollara bənzəyən 100 ədəd pul veriblər. Əlixan Məhərrəmli “pullar”ı alıb onlardan ayrılarkən Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
 
“Yaxın münasibətlərimiz yarandı”
 
Əlixan Məhərrəmli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərib ki, 2014-cü ildən etibarən Türkiyənin Kayseri şəhərində kirayədə yaşayıb: “Orada fərdi şəkildə ticarətlə, azərbaycanlı tələbələrin sənəd qəbulu, yataqxana və digər problemlərinin həlli ilə məşğul olmuşam.
 
2018-ci ildə Türkiyənin Erciyes Universitetinin tibb fakültəsinə qəbul olunmuş Sevinclə tanış oldum. O, Kayseriyə hər iki valideyni ilə gəlmişdi. Onlarla da yaxından tanışlığımız yarandı. Sevincin Kayseridə universitetdə qeydiyyat məsələlərinə, həmçinin ev kirayələməsinə, sığorta məsələlərinə yardım etdim.
 
Beləliklə, Sevinclə aramızda çox yaxşı münasibətlərimiz yarandı. Sonralar da arabir telefonla danışaraq hal-əhval tuturduq. Mən özüm Türkiyədə olan işlərimlə daimi hüquqi yardım göstərməsi üçün Feyzi Başer adlı vəkillə müqavilə bağlamışdım”.
 
“Məni narahat etməməyi xahiş etdim”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, 23 aprel 2023-cü ildə Sevinc onunla əlaqə saxlayıb və tanışı olan Hakan adlı şəxsin Polşada qaçaq həyatı sürdüyünü, iş yerində müdiri ilə dalaşdığını və buna görə polis tərəfindən saxlanılacağını deyib: “O, tanışının Türkiyəyə gəlməysinə kömək edə bilib-bilməyəcəyini soruşdu.
 
Sevincə uzun müddətli həbs cəzası olan bir şəxsin işinin fərqli məsələ olduğunu dedim.
 
Sevinc mobil telefonun nömrəmi Hakana verdi. Hakan mənimlə əlaqə saxlayaraq təhlükədə olduğunu və polis tərəfindən tutulacağını bildirdi. Səbəbi soruşdum, qanunsuz qaçaq silah alverçisi olduğunu dedi.
 
Ondan bu işlərdən Sevincin xəbəri olub-olmamasını soruşdum. Dedi, xəbəri var. Həmin şəxsə köməklik edə bilməyəcəyimi bildirdim və bir daha məni narahat etməməsini xahiş etdim”.
 
“Pulları olmadığını gördüm”
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Sevinclə əlaqə saxlayıb və həmin şəxsdən uzaq durmağını, dərhal da telefonunda nömrəsini bloklamasını məsləhət görüb: “Söhbət zamanı Sevincin özü də həmin tanışının işlərindən məlumatlı olduğunu etiraf etdi.
 
Belə bir şəxslə telefon danışığı olması faktına görə problemlə üzləşməməyim üçün aprelin 28-də Kayseri şəhərində vəkil Fevzi Başerdən xahiş etdim ki, adımdan Kayseri prokurorluğuna məlum telefon əlaqəsi barədə izahat versin.
 
Sonra Sevinclə əlaqə saxladım, ona da bu barədə məlumat verdim. Əgər istəyirsə, problem olmaması üçün ona da vəkil tutmağı, lazım olanda vəkilin onun adından Kayseri prokurorluğunda iştirak etməsini təklif etdim. Sevinc narahat oldu və problemin həlli üçün vəkil tutulmasına razılaşdı. Məndən məsələnin həllinə köməklik göstərməyimi xahiş etdi, mən də vəkillə danışdım.
 
Bu işə görə vəkilə 40 min ABŞ dolları pul ödənilməli olduğunu bildirdim. Bu rəqəm ilk baxışdan böyük görünsə də, Türkiyədə vəkillər əslində çox böyük məbləğlərdə müqavilələr bağlayırlar.
 
Bununla bağlı Sevinclə, onun anası Səidə xanımla aramızda xeyli danışıqlar oldu. Nəhayət, öncədən vəkilə vermək üçün Sevincin anası Səidə köçürmə yolu ilə mənə 2000 manat göndərdi. Amma onların təklif olunan pulu vermək istəmədiklərini və mənim dediyim məbləğdə pulları olmadığını gördüm”.
 
“Hədə-qorxu gəlməmişəm”
 
Əlixan Məhərrəmlinin ifadəsinə görə, özünün də o ərəfədə başqa ölkəyə səfərə getməsi ilə əlaqədar aprelin 29-da Sevincin anası Səidənin göndərdiyi pulun geri qaytarılması üçün bank kartı istəyib: “Sevinc isə növbəti gün anasının kart atacağını və mənimlə özünün görüşəcəyini bildirdi.
 
Aprelin 29-da Sevinclə Bakıda “Qələbə dairəsi”ndəki “Mado” restoranında görüşdük və söhbət əsnasında o, mənə vəkilə təqdim etməyim üçün içərisində 10 min ABŞ dolları olduğunu bildirdiyi ağ kağız bükülünü verdi. Mən bükülünü ümumiyyətlə açmadım və pulları saymadım.
 
Sevinclə birlikdə restorandan çıxanda polis əməkdaşları məni saxladı və Yasamal rayon Polis İdarəsinə apardılar.
 
Baş vermiş bütün bu proseslərin gedişində heç bir halda nə Sevincdən, nə də anası Səidədən pul tələb etməmişəm, onlara heç bir halda hədə-qorxu gəlməmişəm. Hansısa rüsvayedici məlumatların yayılmasından ümumiyyətlə söhbət belə gedə bilməz. Sevinc barədə belə bir məlumata malik deyiləm”.
 
“Qara əməllərlə məşğul olduğunu bildirdi”
 
İş üzrə zərərçəkmiş Sevincin sözlərinə görə, Əlixanla 2018-ci ildə Türkiyədə ilk dəfə ali məktəbə daxil olduğu zaman Kayseri şəhərində universitet sənədləşməsi ilə bağlı, yəni qeydiyyat işlərini görərkən ailəsi ilə birlikdə tanış olublar:
 
“Əlixan orada azərbaycanlılara və xarici vətəndaşlara belə işlərdə köməklik göstərməklə məşğul idi. Mənim ailəmlə və özümlə də münasibəti yaxşı olub. Aramızda heç bir anlaşılmazlıq yaşanmayıb. Tanışlıqdan sonrakı dövrlərdə illər boyu Əlixan mənə tez-tez iş, təqaüd proqramları, habelə öz şirkətində iş və sair təkliflər etdi. Amma bunların heç birini qəbul etmədim.
 
Ən son olaraq tərcüməçi işlədiyim iş yerində müəyyən problem yarandı. İş yerində Hakan adlı şəxslə tanış oldum. Tanışlığınmızdan bir gün sonra Hakan Polşaya getdi.
 
Hakan Polşadan zəng edərək iş yerində müdirlə dalaşdığını, onu bıçaqladığını, həmçinin anasının xəstəlikdən əziyyət çəkdiyini, Türkiyəyə gəlmək istədiyini dedi. Əlixanın logistika şirkətində işlədiyini bildiyim üçün ona zəng etdim. Hakanın məsələsi ilə bağlı ondan kömək istədim.
 
Əlixan Hakanla telefonla danışdıqdan sonra mənə onun nömrəsini bloka atmağımı məsləhət gördü. Özünün də Hakanın nömrəsini bloka atdığını, onun qara əməllərlə məşğul olduğunu bildirdi. Mən də Hakanın nömrəsini blok etdim”.
 
“Əxlaqsız təklif etdiyini başa düşdüm”
 
Zərərçəkmiş şəxs qeyd edib ki, Əlixan Hakanın “İnterpol” tərəfindən axtarıldığını, başının bəlada olduğunu deyib, Hakanla necə tanış olduğunu soruşub: “Rəfiqəm Gizem Hakanı daha yaxşı tanıyırdı. Bu tanışlıq barədə Əlixana dedim. Əlixan “Gizem türkdür, sən azərbaycanlı olduğun üçün deport olacaqsan” - söylədi. 50 min dollar müqabilində bu işdə mənə kömək etməyi təklif elədi, mütləq Bakıya gəlməli olduğumu bildirdi. Əlixan özü onda Bakıda idi. Hətta mənim üçün Bakıya bilet də almaq istədi.
 
Sonra Əlixan zəng etdi, bildirdi ki, vəkillə danışdım, sənin çarən qalmayıb, yaxşı halda ali məktəbdən qovulub deport ediləcəksən, pis halda 8-12 il müddətə həbs ediləcəksən. Bu barədə heç kimə deməməyimi tapşırdı.
 
Mən məsələni anamgilə danışdım. Anam Əlixanla Bakıda görüşdü. O bizdən işin həlli üçün 40 min dollar istədi. Mən bu qədər pulumuzun olmadığını, evimizi satsaq, bəlkə düzəldə biləcəyimizi dedim. Əlixan isə “dərhal 2 günə ödəməlisən, mən başqa ölkəyə getməliyəm” - söylədi. 20 min dolları nağd, qalan 20 min dolları isə 6 aya ödəməyi anama təklif etdi.
 
Mənə isə dedi ki, anan 20 min dollar ödəsin, sonra sən Bakıya gələndə qalan 20 min dolları öz aramızda həll edərik. Necə həll edəcəyini soruşduqda “öz aramızda 1-2 saata həll edərik” dedi. Bunun əxlaqsız təklif olduğunu başa düşdüm. Sonra anam polisə şikayət etdi”.
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əlixan Məhərrəmlinin əməli Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən həmin məcəllənin 29, 178.3.2-ci (külli miqdarda dələduzluq törətməyə cəhd) maddəsinə tövsif edilib.
 
Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə təqsirli bilinən Əlixan Məhərrəmli 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Hökmdən dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru apellyasiya protesti verib. O, təqsirləndirilən şəxsin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyun 2024-cü il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş edib.
 
Həmçinin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
 
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə nə dövlət ittihamçısının protesti, nə də təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti təmin olunmayıb.
 
Bu qərardan təqsirləndirilən şəxsin vəkili tərəfindən kasasiya şikayəti verilib. Ali Məhkəmədə işə baxan hakimlər heyəti müdafiəçinin şikayətini təmin etməyiblər.
Seçilən
9
3
moderator.az

4Mənbələr