AZ

Həkim ölümə səbəb olarsa, artıq bəhanəyə yer yoxdur -AÇIQLAMA

Hüquqşünas Qulam İsmayılzadə məsuliyyət hədlərini izah etdi

“Tibbi səhlənkarlıq sübuta yetirilərsə, həkim həm cinayət, həm də mülki məsuliyyət daşıyır”

 
“Həkimləri qorumadıqca, onsuz da sayı az olan mütəxəssislərimizi itirməklə nəticələnir. Bizim "səhlənkar" kimi ittiham etdiyimiz həkim qaçır, gedib digər millətlərin ən gözəl həkimi olur”. “Medicina” xəbər verir ki, bunu Almaniyada çalışan azərbaycanlı cərrah Vüqar Yaqublu bildirib. O, reanimatoloq həkim, uzman dr. Turanə Rəsulovanın ölkədə alternativ tibbi ekspertizanın olmamasının vətəndaşlarla yanaşı həkimlərə də ciddi problem yaratması barədə müsahibəsinə münasibət bildirərkən, həkimlərin hüquqlarının zəif qorunduğunu vurğulayıb: “İki il öncə rayondaydım. Layihəmiz üçün hədəf ayda 40-50 cərrahi əməliyyat edəcək cərrahların tapılması və ya hazırlanmasıdır. Tapmaq çətindir, çünki rəqiblərimiz (Türkiyə, Almaniya və ABŞ) onları çox asanlıqla "udur". Rayonda 40 yaşında, ayda cəmi bir neçə xırda əməliyyat edən bir cərrahla bir tövsiyə üzrə bir kafedə görüşdüm. Ondan soruşdum nədən belə az əməliyyat edirsən, sənə təlimlər təşkil edək, inkişaf et, onsuz da rayondasan. Mənə öz reallıqlarını və qorxularını söylədi. Onlardan ən ciddisi səhv etmə ehtimalı idi. Dedim, səhv etməyən carrah varsa, deyərəm o cərrah deyil. O dedi ki, əgər səhv edərəmsə (səhlənkarlıq yox, səhv) hüquq-mühafizə orqanları onu sorğu-sual edəcək. Bu mənə qəribə gəldi, həkim səhvini nədən hüquq-mühafizə orqanları araşdırır? Onlar həkim deyil axı...” V.Yaqublu deyib ki,  fasiləsiz olaraq 13 ildir Almaniyada cərrah işləyir, bu illər ərzində hüquq-mühafizə orqanları ilə heç bir qarşılaşması olmayıb: “Son illər fasiləsiz ayda 35-50 arası əməliyyat və ya asistentlik edirəm. Onların tam məsuliyyəti mənimdir. Ağırlaşmalar olur, səhvlər də olur. Əgər desəm ki, ağırlaşmam olmur, bu o deməkdir ki, əməliyyat etmirəm. Amma heç zaman hüquq-mühafizə orqanları ilə işim olmayıb, eləcə də digər aktiv cərrahiyyə edən kolleqalarımın. Çünki səhvlər və şikayətlərlə klinikamız və vəkillərimiz məşğul olur və problemlər, şübhələr və ittihamlar əsasən hüquq-mühafizə orqanlarına çatmadan həll edilir. Amma bu halların heç birində hüquq-mühafizə orqanları qoşulmayıb. Bu məsələlər daxili "M&M" Konfranslarında müzakirə edilir və sənədləşdirilir. Onun məqsədi komplikasiyası olan həkimi ittiham etmək deyil, “no-blame culture” əsasında xidməti təkmilləşdirmə və gələcək ağırlaşmaların qarşısını almaqdır. Belə konfranslarda səhvlər ittihamsız və şəffaf şəkildə müzakirə olunur, məsələn, tikişi steplerlə yox, əl ilə etmək daha yaxşı olardı, əməliyyatı laparoskopik yox, açıq üsulla davam etmək daha uyğun olardı, çətin vəziyyətdə təcrübəli cərrah çağırmaq lazım idi, kəsilən struktur barədə dəqiq məlumat yoxdursa, alternativ yanaşma düşünmək gərəkirdi və s”.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov bir müddət əvvəl canlı yayımda bildirmişdi ki, son dövrlərədək ölkədə həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı maddə mövcud deyildi. Lakin cari ilin 13 iyununda Cinayət Məcəlləsinin 142-ci maddəsi yeni redaksiyada təsdiq olunub. Bununla da, tibb işçilərinin öz işinə vicdansız və laqeyd münasibəti nəticəsində xəstənin sağlamlığına az ağır zərər vurulduqda cinayət tərkibi yaranır. Yəni həkimlərin bu hallarda cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquqi baza formalaşıb.  

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Qulam İsmayılzadə isə həkimlərin hansı halda məsuliyyətə cəlb olunmasına aydınlıq gətirərək bildirib ki, həkim səhlənkarlığı tibb işçisi tərəfindən qərəzli şəkildə öz üzərinə düşən vəzifələrin icra edilməməsinə görə ona müraciət edən şəxsə zərər yetirilməsidir. Həkim səhlənkarlığı yalnız həkimin səhvindən ibarət deyil, həmçinin həkimin xəstə ilə bağlı lazımi tibbi prosedurları həyata keçirməməsindən, xəstəni vaxtında müayinə etməməsindən və onu xəstəxanaya yerləşdirməməsindən ibarətdir:

- Həkim işində yol verdiyi səhlənkarlığa görə müəssisə daxili intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilə bilər. Həkim xəstənin şikayətlərinə diqqətsiz yanaşarsa, bu da səhv diaqnoza və səmərəsiz müalicəyə səbəb olarsa, reabilitasiya dövründə həkim xəstənin vəziyyətinə diqqətsiz yanaşarsa və bu da xəstənin səhhətində ağırlaşmalara və ya xəstəliyin təkrarlanmasına və ölüm faktının baş verməsinə səbəb olarsa, cinayət məsuliyyətinə cəlb olunmaq üçün əsas yaranır. Əgər həkim tərəfindən qəbul edilmiş qərar xəstənin səhhətinə ciddi zərər vurur və ya onun ölümünə səbəb olursa, bu, cinayət tərkibinin əmələ gəlməsi üçün əsas ola bilər. Lakin həkimin səhlənkarlığının sübuta yetirilməsi üçün dəqiq səbəblər olmalıdır, çünki qeyri-müəyyənlik olduğu halda tibbi heyət məsuliyyətdən azad olur. Ölüm faktları adi müstəntiqlər tərəfindən deyil, tibbi ekspertlər tərəfindən araşdırılır. Müstəntiq həkim deyil ki, ölümün hansı səbəbdən baş verdiyini araşdıra bilsin. Məhkəmə-tibbi ekspertləri var və onlar ölümün səbəblərini, səhlənkarlığa, məsuliyyətsizliyə, səhv müalicəyə, vaxtında müdaxilə edilib-edilməməsini tibbi göstərişlər əsasında araşdırırlar. Həkimlər işində yol verdiyi səhlənkarlığa görə təkcə cinayət məsuliyyətinə deyil, əməlin ağırlıq dərəcəsindən asılı olaraq mülki məsuliyyətə də cəlb olunurlar. Həkim hüquqşünasla qarşılaşmaya bilər, amma məhkəmə-tibbi ekspertləri və müstəntiqlə qarşılaşa bilər. Həkim vəzifəli şəxsdir və əgər xidməti vəzifəsini yerinə yetirərkən hər hansı ciddi səhvə yol veribsə, əlbəttə, buna görə hüquqi məsuliyyət daşımalıdır.    

Məlahət Rzayeva
Seçilən
43
sherg.az

1Mənbələr