AZ

Azərbaycan cəmiyyətində dini və milli tolerantlıq: millətlərarası münasibətlərin inkişaf strategiyası

İstiqamət: dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

İnsan cəmiyyətində minilliklər boyunca formalaşmış ən dərin anlayışlarından biri dindir. Tarixdən məlumdur ki, din hər zaman cəmiyyətin həm mənəvi, həm sosial həyatının tənzimlənməsində əsas rollardan birini oynayıb. Din insanın dünyagörüşünü, mənəvi axtarışlarını və həyat fəlsəfəsini müəyyən edən ən qədim sosial institutlardan biridir. Düşünürəm ki, ibtidai icmalardan müasir cəmiyyətlərə qədər insan davranışının əxlaqi çərçivələri böyük ölçüdə dini dəyərlər vasitəsilə formalaşıb. Dinlərdə ortaq olan mərhəmət, ədalət, insanın insana hörmət prinsipi bu mənəvi sistemin əsasını təşkil edən elementlərdir. Dünya dinləri müxtəlif mədəniyyətlərdə fərqli şəkildə təzahür etsə də, hamısının mahiyyətində eyni ideya dayanır- insanlara etik davranışı, birgə yaşamağı, mərhəmət və ədaləti öyrətmək.
Məncə müasir dünyada dinlə bağlı ən çox müzakirə olunan anlayışlardan biri tolerantlıqdır. Tolerantlıq yalnız başqasının fikrini qəbul etmək deyil, müxtəliflik içində birgə yaşamağın mədəni davranış modelidir. Məncə bu gün qlobal dünyada insanların din, dil, etnik mənsubiyyət və həyat tərzinə görə fərqlənməsi artıq istisna deyil, normadır. Odur ki, tolerantlıq sadəcə etnik üstünlük deyil, təhlükəsizliyin əsas şərtlərindən birinə çevrilib. Millətlərarası münasibətlərin sağlam formalaşması isə tolerantlıq anlayışından birbaşa asılıdır. Çünki multikultural cəmiyyətlərdə insanlar yalnız qarşılıqlı hörmət mühitində sülh şəraitində yaşaya bilirlər. Tarixi təcrübə göstərir ki, müxtəlif etnik və dini qrupların bir arada yaşadığı cəmiyyətlərdə konfliktlərin əsas səbəbi fərqliliklər deyil, həmin fərqliliklərin anlaşılmaması və manipulyasiyaya çevrilməsidir. Düşünürəm ki, buna görə də millətlərarası münasibətlərin inkişaf etdirilməsi üçün həm dövlət siyasətində, həm də sosial mühitdə qarşılıqlı hörmət və hüquqi bərabərlik prinsiplərinin qorunması zəruridir. Azərbaycan bu baxımdan regionda xüsusi nümunə hesab olunur. Ölkəmiz əsrlər boyu müxtəlif dinlərin və xalqların təmas nöqtəsi olub. Qafqaz Albaniyasından miras qalmış xristian irsi, Zərdüştlük ənənələrinin izləri, İslam mədəniyyətinin memarlıq və mənəvi nümunələri, Qubada yüzilliklərlə yaşayan dağ yəhudilərinin dini icması-bunların hər biri Azərbaycanın multikultural strukturunun tarixi qatlarını təşkil edir. Tarixən İpək Yolunun üzərində yerləşən ölkəmiz fərqli mədəniyyətlərin kəsişmə nöqtəsi olub və yüzilliklər ərzində müxtəlif etnik və dini icmalar burada sülh şəraitində yaşayıb. XII əsrdə Şamaxıda fəaliyyət göstərən alban xristian icmaları, XVII əsrdə Bakıda və Qubada yaşayan yəhudi icmaları, Şəkidə mövcud olan müxtəlif etnik qrupların birgə yaşayış təcrübəsi Azərbaycan çoxmədəniyyətliliyinin tarixi köklərini göstərən nümunələrdir. Tarixi İpək Yolu üzərində yerləşən ölkəmiz əsrlər boyu müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin təması üçün açıq məkan olub. Quba, Lahıc, Bakı və Şəki kimi bölgələrdə müxtəlif etnik və dini qrupların bir arada yaşaması təsadüfi deyil, bu, həm cəmiyyətin düşüncə tərzi, həm də dövlətin formalaşmış siyasi xəttidir. Müasir dövrdə Azərbaycanın tolerantlıq modeli beynəlxalq səviyyədə də nümunə kimi qəbul olunur. 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan edilməsi isə Azərbaycanın bu sahədə beynəlxalq səviyyədə tanınan mövqeyinin təsdiqidir. Dünya Dini Liderlərinin Bakı Sammitləri, BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq, Azərbaycanda fəaliyyət göstərən dini icmaların sərbəst fəaliyyəti bu siyasətin əsas çərçivəsini formalaşdıran faktlardır. Dövlətin qeyri-islam dini icmalarına maddi dəstək göstərməsi, sinaqoqların, kilsələrin və məbədlərin bərpası tolerantlığın yalnız ideya səviyyəsində yox, real icra müstəvisində olduğunu göstərir.  Bu mühit yalnız dövlət tədbirləri ilə deyil, həm də gündəlik həyatın içində özünü göstərir. Bakı, Gəncə, Şəki və Quba kimi şəhərlərdə müxtəlif dini ibadət yerlərinin mövcudluğu, müxtəlif xalqların milli-mədəni mərkəzlərinin aktiv fəaliyyəti, xalq bayramlarının bütün etnik icmalar tərəfindən birlikdə qeyd olunması birgə yaşama mədəniyyətinin real təzahürüdür.  Millətlərarası münasibətlər sahəsində də Azərbaycan modelinin özünəməxsusluğu diqqət çəkir. Ölkədə 30-dan çox etnosun sülh içində yaşaması mədəni müxtəlifliyi qoruyan əsas amildir. Ləzgilər, talışlar, avarlar, yəhudilər, udinlər və digərləri milli siyasətin ayrılmaz hissəsidir. Folklor ənənələrinin dövlət səviyyəsində dəstəklənməsi və mədəniyyət festivallarında iştirak millətlərarası münasibətləri gücləndirən faktlardır.
Bu gün Azərbaycan müxtəlifliyin bir arada yaşaya biləcəyini həm tarixi təcrübəsi, həm də müasir dövlət modeli ilə sübut edir. Bu, sadəcə multikultural mühit yaratmaq yox, həm də fərqlərin bir-birinə hörmət etməsi üçün davamlı, sosial cəhətdən dayanıqlı platforma formalaşdırmaq deməkdir. Tolerantlığın qorunması və millətlərarası münasibətlərin inkişaf etdirilməsi gələcək cəmiyyətin sabitliyi üçün mühüm strateji amildir. Məhz buna görə Azərbaycan bu dəyərləri keçmişin mirası kimi yox, gələcəyin açarı kimi qiymətləndirir.

Zeynəb Mustafazadə 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr