AZ

Zəngəzur dəhlizi açılır, sülh imzalanır – PROQNOZ

Cənubi Qafqazda baş verən son hadisələr, xüsusilə Azərbaycan və Ermənistan arasında diplomatik müstəvidə müşahidə olunan yumşalma, regionda yeni siyasi reallığın formalaşdığını göstərir. Artıq tərəflər arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar təkcə lokal deyil, həm də qlobal güclərin maraqları çərçivəsində qiymətləndirilir. Bu kontekstdə ekspertlər hesab edirlər ki, sülh sazişinin imzalanması indi heç vaxt olmadığı qədər real görünür.

Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərində yaşanan son proseslər artıq “adi gedişata çevrilib”:

“Bir il öncə Azərbaycan tərəfindən tranzit məhdudiyyətlərinin aradan qaldırılması ictimaiyyət tərəfindən fərqli qarşılanardı. Amma indi vəziyyət tam dəyişib. Çünki artıq üç ay öncə Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülhə aparan mərhələ hesab olunan paraflanma sənədi imzalanıb. Bu isə o deməkdir ki, hər iki tərəf üçün sülh sazişinin əldə olunması an məsələsidir.

Həm Azərbaycan, həm də Ermənistan cəmiyyətləri sülhə doğru psixoloji baxımdan hazırdır. Azərbaycan cəmiyyəti son beş ildə hər zaman sülhə hazır olub. İndi isə daha da qətiyyətlidir, çünki artıq ərazi bütövlüyümüzü tam bərpa etmişik və Cənubi Qafqazın lider dövlətinə çevrilmişik. Ermənistanda müəyyən revanşist dairələrin təsiri altında gərginlik müşahidə olunurdu, amma Paşinyan hökuməti bu məsələni tədricən aradan qaldırır”.

Cavanşir Abbaslı həmçinin Zəngəzur dəhlizində gedən işləri yerində izlədiyini və bu layihənin regionun gələcəyi baxımından həlledici rol oynayacağını bildirib:

“Bu günlərdə Zəngilanda oldum. Zəngəzur dəhlizinin 117-ci kilometrliyində aparılan işləri müşahidə etdim. Doğrudan da çox ciddi və genişmiqyaslı işlər görülür. Görünən odur ki, Azərbaycan sürətlə sülhə doğru irəliləyir. Yalnız Zəngəzur dəhlizinin açılması istiqamətində müəyyən texniki məsələlər qalır və onlar da aradan qaldırılmaqdadır”.

Ekspert qeyd edib ki, Azərbaycan belə bir layihəyə yüz milyonlarla vəsait yatırırsa, bu, artıq sülh prosesinin geridönməz mərhələyə daxil olduğunu göstərir:

“Əgər hansısa ciddi problem olsaydı, dövlət bu miqyasda sərmayə qoymazdı. Mənim müşahidələrimə görə, uzağı gələn ilə Zəngəzur dəhlizi tam açılacaq. Bu isə o deməkdir ki, sülh sazişi imzalanacaq və qarşılıqlı əlaqələr bütün istiqamətlər üzrə formalaşacaq. Dünyada əbədi düşmənçilik yoxdur. Biz istədiyimizi əldə etdik və bu məsələ bizim üçün bağlanıb”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr