AZ

“Rusiya bütün dünyanı hədələyir, sonra da konstruktivlik axtarır”-SƏRT AÇIQLAMA

Rusiya ilə Qərb arasında artan gərginlik fonunda Kreml rəsmiləri yenidən ittiham ritorikasına qayıdıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun son açıqlamaları da bu tendensiyanın davamı kimi dəyərləndirilir. O, Qərb dövlətlərini və xüsusilə NATO-nu Moskva ilə münasibətlərdə “qeyri-konstruktiv mövqe” sərgiləməkdə ittiham edib. Eyni zamanda Peskov Rusiya və ABŞ liderləri arasında görüşün “zəruri olmadığını” bildirib.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli hesab edir ki, Peskovun bəyanatı Kreml diplomatiyasının məntiqdən uzaq və təbliğat xarakterli ritorikasını bir daha üzə çıxarır:

“Rusiya siyasi dairələrindən kim açıqlama versə də, nəticə eyni olur – absurd və məntiqsiz arqumentlər. NATO-nun guya Rusiyaya qeyri-konstruktiv yanaşması barədə danışmaq, əslində, Rusiyanın özünün reallıqdan uzaq düşüncəsini göstərir. Sanki Moskva dünyada ədaləti və sülhü qoruyan yeganə dövlətdir, halbuki bu, tam əksinədir. Rusiya Ukraynaya qarşı müharibə elan etmədən işğal siyasətinə başladı, bütün dünyanı nüvə silahı ilə hədələdi. Belə bir ölkənin ‘konstruktiv yanaşmadan’ danışması, açığı, məntiqin tam itirilməsi deməkdir”.

Ekspert Peskovun ABŞ-la bağlı açıqlamasını da reallıqdan uzaq hesab edir:

“Burada da eyni absurd yanaşma müşahidə olunur. Görüşdən imtina edən tərəf Tramp administrasiyası idi. Putin özü Trampa zəng edərək Macarıstanda görüş təklif etmişdi, lakin Rusiya sonradan elə tələblər irəli sürdü ki, ABŞ tərəfi bu görüşdən imtina etdi. İndi isə Peskov ‘görüşə ehtiyac yoxdur’ deyir. Halbuki yaxın aylarda sanksiyaların ağır nəticələri daha da hiss olunanda, bu görüşə ehtiyac duyacaq tərəf məhz Moskva olacaq.”

Elçin Xalidbəyli sonda bildirib ki, Kremlin son açıqlamaları göstərir ki, Rusiya artıq praqmatik diplomatiyadan uzaqlaşıb və yalnız aqressiya, təhdid və ittihamlar üzərində qurulan siyasət yürüdür.

//Gülnarə Abasova, Editor.az

Seçilən
64
editor.az

1Mənbələr