Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Rusiya təbii qazının Avropa İttifaqına, o cümlədən “Türk Axını” qaz kəməri vasitəsilə tədarükünə qadağanın tətbiq olunmasını dəstəklədiyini bildirib.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, müvafiq bəyanatı o, Afinada keçirilən “Transatlantik enerji əməkdaşlığı üzrə tərəfdaşlıq” konfransında edib.
Onun sözlərinə görə, “ABŞ Yunanıstanı Avropanın enerji ehtiyaclarına açılan qapı kimi qiymətləndirir” və “Rusiya təbii qazının tədarükünə qadağanın tezliklə tətbiq olunması” çağırışını edib.
“Rusiya təbii qazı ora (Avropaya – red.) arxa qapı vasitəsilə, Türkiyə üzərindən keçə bilməz. Biz Yunanıstanda başlayıb Ukraynada bitəcək ‘Şaquli Dəhliz’ üçün hazır olmalıyıq”, - Baş nazir qeyd edib.
Onun sözlərinə görə, Yunanıstan Rusiya təbii qazının əvəzləyicisi olacaq qaz tədarük nöqtəsinə çevrilir.
Yunanıstana təbii qaz, xüsusilə “Türk Axını” qaz kəmərindən təmin olunan Bolqarıstan qaz sistemi vasitəsilə, Sidirókastro giriş nöqtəsindən daxil olur. Bundan əlavə, Yunanıstan təbii qazı Azərbaycan vasitəsilə Cənub Qaz Dəhlizi ilə və maye təbii qaz şəklində dəniz yolu ilə qəbul edib.