Azertag saytına istinadən ain.az xəbər verir.
Tərtər, 7 noyabr, AZƏRTAC
44 günlük Vətən müharibəsində yaşayış məntəqələri atəşə tutulsa da, mülki insanlar şəhid olsa da, tərtərlilər dözüm və dəyanət nümayiş etdiriblər. Vətən müharibəsində Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bomba və raket atılmış şəhərlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Tərtər rayonunda Zəfər Günü münasibətilə keçirilən “Şanlı Zəfər tariximiz” adlı tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Mədəniyyət Mərkəzinin foyesində ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladığı rəsm və əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, tərtərliləri 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edib və 44 günlük müharibədə əldə edilən Qələbənin sevincindən danışıb. Bildirib ki, artıq 5 ildir Azərbaycan xalqı onun üçün mədəniyyət, milli irs və qürur mənbəyi olan Şuşanın işğaldan azad edildiyi 8 Noyabrı Zəfər Günü kimi qeyd edir.
Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, “Azərbaycan Bayrağı” ordenli Elnur Salahov, Vətən müharibəsi qaziləri İntiqam Sarıyev, Nurlan Məhərrəmli çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, şanlı Zəfər Azərbaycan xalqının torpaq həsrətinə son qoydu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar. Müzəffər Ali Baş Komandan Qarabağın memarı və qurucusudur.
Tədbirdə Zəfər Gününə həsr edilmiş inşa yazı, rəsm, əl işləri üzrə müsabiqələrin və şahmat üzrə rayon turnirinin qaliblərinə fəxri fərmanlar, YAP sıralarına yeni qəbul edilmiş bir qrup şəxsə üzvlük vəsiqələri və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə isə qiymətli hədiyyələr təqdim edilib.
Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə başa çatıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.