AZ

Oreşnik Rusiyanın yeni oyuncağıdır, bundan nə Avropa, nə Ukayna qorxur (ŞƏRH)

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

"Rusiya və ABŞ-ın nüvə sınaqları və nüvə hədələri fonunda orta mənzilli ballistik "Oreşnik" raketlərinin Belarusa yerləşdirilməsi Avropaya hədə gəlməkdən başqa bir şey deyil. Həmin raketlərin orta mənzilli olması da bunun Avropaya təzyiq məqsədi daşıdığını göstərir"

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiyaya məxsus "Oreşnik” raketlərinin Belarusda yerləşdirilməsilə bağlı bu ölkənin rəhbəri Aleksandr Lukaşenkonun bəyanatını şərh edərkən deyib. 

Ekspertin fikrincə, Tramp və Putinin nüvə silahı oyunu ümumiyyətlə Avropanın Ukraynanın arxasından çəkilməsi üçün oynanılan oyundur:

"Bu, böyük ehtimalla Tramp və Putin arasında razılaşdırılmış məsələdir. Tramp Ukraynanı Rusiyanın şərtləri ilə kapitulyasiyaya məcbur etmək istəyir. Keçən Tramp-Zelenski görüşündən sonra yayılan xəbərlərdə Donbasın Rusiyaya verilməsi üçün Trampın Zelenskiyə bağırdığı, söyüş işlətdiyi belə xəbərləri yayıldı. Sonra bunu onlar inkar etdilər. Amma reallıqlar göz önündədir. Tramp Ukraynaya "Tomohawk" raketlərini də vermədi. Bu durumda Tramp və Putin Ukrayna müharibəsinin dünyanı guya nüvə müharibəsinə sürüklədiyi yalanı üzərindən Avropaya və Kiyevə təzyiq edirlər”. 

Politoloq düşünür ki, Avropa Vaşinqtonla Moskvanın uydurduğu bu blefə inanmır: 

"Avropa da bunu yaxşı başa düşür ki, belə bir müharibə olacaqsa, bu, ABŞ və Rusiya arasında ola bilər. Burada Avropanın rolu olmayacaq. Ona görə də bu blefə inanmırlar. Öz işləri ilə məşğuldurlar. Rusiyanın pilotsuz uçuş aparatlarla Avropanı təhdid etməsi daha çox effekt verir, nəinki nüvə silahı hədəsi. Vaxtilə Avropa ilə gərginlik yaşanan kimi Rusiya "İskəndər" raketlərini Kalininqrada yerləşdirdi. Avropa bundan qorxuya düşürdü. Amma artıq hamı həmin "İskəndər"lərin gücünün nəyə qadir olduğunu gördü. Gördülər ki, bu, elə də qorxunc silah deyil. Böyük ehtimalla "Oreşnik" də Rusiyanın yeni oyuncağıdır. Ukraynanın da onun birini yerində təzəlikcə vurduğu xəbərləri yayılmışdı. Belarusdan belə raketlər Ukrayna tərəfə atılsa, sözsüz ki, Kiyev cavab zərbəsi endirəcək. Amma Belarus istiqamətindən Ukraynaya hansısa zərbələrin endiriləcəyini gözləmirəm”. 

Qeyd edək ki, ötən həftə sonu Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə Rusiyaya məxsus orta mənzilli ballistik "Oreşnik” raketlərinin yerləşdirildiyini bildirib.  "Forbes” nəşrinin açıqlamasına görə, bu raketlərin Belarusda yerləşdirilməsi Rusiyanın Ukrayna ərazisinə zərbə potensialını artıracaq.  Coğrafi vəziyyəti nəzərə alaraq, nəşr bu qənaətə gəlib ki, Rusiya "Oreşnik”ləri Belarus ərazisindən Ukraynaya qarşı istifadə etmək qərarına gəlsə, bu, Ukrayna üçün daha ölümcül hücumlara səbəb ola bilər. 

Məqalədə o da qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin hazırkı vəziyyətdə bu ballistik raketlərin mümkün yerləşdirilməsinə reaksiya vermək üçün daha az vaxtı olacaq. "Forbes” vurğulayır ki, Ukrayna Belarusdakı vəziyyəti diqqətlə izləyəcək və gələcək hücum ehtimalı fonunda zəruri ehtiyat tədbirlərinə hazırlaşacaq.

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
qaynarinfo.az

1Mənbələr