Dünya futbol ulduzu Mesut Özil keçən il “Qarabağ” klubunun təşəbbüsü və dəvəti ilə Bakıya səfər etmiş və azyaşlı uşaqlar üçün futbol akademiyası açacağını açıqlamışdı.
NOCOMMENT.az xəbər verir ki, bir ildən çox vaxt keçməsinə baxmayaraq, nə akademiyanın açılışı, nə də hazırlıq prosesinə dair rəsmi məlumat paylaşılıb.
Məsələ ilə bağlı “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözəl mətbuata açıqlama verib. Klub rəhbəri qeyd edib ki, futbol akademiyasının açılması üçün mümkün yer yoxdur:
“Biz danışıqlar aparırıq. Torpaq ala bilmədik. Hazırda Suraxanıda bizə torpaq yerlərinin ayrılmasını gözləyirik. “Qarabağ” Futbol Klubunun büdcəsi var. Şəxsən buna mənim büdcəm də yetər. Amma Suraxanıdan bizə torpaq ayrılsa, uzun müddətli icarəyə verilsə bizim üçün yaxşı olar. Ən böyük arzum yeniyetmə futbolçuların oynaya biləcəyi professional bir yer yaratmaqdır. Təəssüflər olsun ki, böyük qələbələrin yanında orada heç bir uğur qazanmamışıq. Buna görə, mən özümdən də, klubumdan da narazıyam. Biz Suraxanı Rayon İcra Hakimiyyətinə təklif vermişik ki, investisiya hazırıq. Orada gənclərimiz üçün imkan yaratmağa hazırıq. Lakin buna baxmayaraq heç bir xəbər yoxdur. Biz də gözləyirik”.