AZ

Türk dünyasının birliyi müzakirə olundu 5 ci Manas Forumu Lefkoşada keçirilir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Türk dünyasının birliyi və gələcəyi mövzusunda mühüm platformalardan biri sayılan "5-ci Manas Forumu" Lefkoşada işə başladı.

Bizimyol.info xəbər verir ki, forum Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) Şimali Kipr Kampusu və Qırğızıstan–Türkiyə Manas Universitetinin birgə təşkilatçılığı ilə “Regional və qlobal inkişaflar kontekstində Türk dünyası” mövzusunda keçirilir.

Açılış mərasimi Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Prezident Administrasiyasının Mavi Salonunda baş tutub. Tədbirdə Prezident Tufan Erhürman, Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçəri, Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu, Nəqliyyat və Tikinti Naziri Erhan Arıklı, TÜRKSOY-un baş katibi Sultan Raev, ASBÜ və Manas Universitetinin rəhbərləri, alimlər, tələbələr və qonaqlar iştirak ediblər.

Açılış nitqində Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçəri Türk dünyasının XXI əsrin yüksələn güc mərkəzlərindən birinə çevrilmək potensialına malik olduğunu bildirib. O, Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Başçərinin sözlərinə görə, Türk dünyasının birləşməsi ideyası XIX əsrin sonlarından formalaşmağa başlayıb və Sovet İttifaqının dağılmasından sonra yenidən aktuallaşıb. O, Türk Dünyası 2040 Vizyon Sənədində etimad, siyasi həmrəylik, iqtisadi əməkdaşlıq, enerji və yaşıl keçid kimi istiqamətlərin ön plana çəkildiyini qeyd edib.

Səfir əlavə edib ki, dəyişən geosiyasi şəraitdə Türk dünyası artıq beynəlxalq sistemdə alternativ güc mərkəzinə çevrilməkdədir: “ŞKTC Türk ailəsinin ayrılmaz bir üzvüdür. Belə bir forumun Lefkoşada keçirilməsi bu baxımdan böyük önəm daşıyır”,- deyə əlavə edib.

ŞKTC-nin Nəqliyyat və Tikinti Naziri Erhan Arıklı çıxışında Türk dünyasının ortaq mədəniyyətinin dərinləşməsinin vacibliyini vurğulayıb. O, Qırğızıstan ilə ŞKTC arasında ilk mədəni əməkdaşlıq protokolunun 2006-cı ildə, o zamankı mədəniyyət naziri Sultan Raevin təşəbbüsü ilə imzalandığını xatırladıb və Raevə minnətdarlığını bildirib.

Nazir qeyd edib ki, Türk təhsil sistemində Manas dastanına lazımi yer verilməməsi mədəni boşluqdur: “Hələ də ortaq tarix üzərində ciddi tədqiqat aparmamışıq. 34 hərfli ortaq türk əlifbasını isə Türkiyə və ŞKTC daxil olmaqla hələ qəbul etməmişik”, - deyib.

Arıklı bütün türk xalqlarını ortaq əlifba, tarix və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirməyə çağırıb.

TÜRKSOY-un baş katibi Sultan Raev çıxışında Türk dünyasının ortaq tarix və mədəni irsini qorumağın əhəmiyyətini qeyd edib. O, "5-ci Manas Forumu"nun qardaşlıq və ortaq vizyonun rəmzi olduğunu bildirib.

Raev vurğulayıb ki, mədəniyyət, dil, incəsənət və həmrəylik Türk dünyasının əsas dayaqlarıdır. O, ortaq əlifba və rəqəmsal əməkdaşlığın mədəni inteqrasiyanı gücləndirəcəyini, ŞKTC-nin isə Türk dünyasının Şərqi Aralıq dənizindəki strateji körpüsü rolunu oynadığını söyləyib.

Qırğızıstan–Türkiyə Manas Universitetinin Mütevelli Heyətinin sədri İbrahim Çapak forumun məqsədinin Türk dünyasının aktual problemlərinə elmi əsaslı həll yolları tapmaq, eləcə də ortaq dil, mədəniyyət və təhsil sahəsində əməkdaşlığı gücləndirmək olduğunu bildirib.

Rektor Alparslan Ceylan isə forumun 2021-ci ildə Türkiyə və Qırğızıstanın xarici işlər nazirlərinin iştirakı ilə başladıldığını xatırladaraq, məqsədin təkcə problemləri müzakirə etmək deyil, onlara real həll yolları təklif etmək olduğunu vurğulayıb.

Ceylan “Manas” dastanının milli kimlik və dirəniş ruhu baxımından dəyərini önə çəkərək, bu şüurun gənc nəsillərə ötürülməsində universitetlərin rolunu xüsusi qeyd edib. O, həmçinin UNESCO-nun 15 dekabrı “Türk Dili Günü” elan etməsini məmnunluqla qarşıladığını deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
bizimyol.info

1Mənbələr