AZ

Naxçıvanda “Konstitusiya və Suverenlik İli” və Zəfər Günü münasibətilə ekoloji tədbirlər keçirilib

Noyabrın 7-də Naxçıvanda “Konstitusiya və Suverenlik İli” və Zəfər Günü münasibətilə bir sıra ekoloji tədbirlər həyata keçirilib.

Əvvəlcə Naxçıvan-Çalxanqala avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirilib. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli aksiyada iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev “Konstitusiya və Suverenlik İli”ndə icra olunan və icrası davam etdiriləcək ekoloji tədbirlər barədə məlumat verib. Bildirib ki, 2025-ci ilin yaz və payız əkini mövsümündə ümumilikdə 408 hektardan artıq sahədə yaşıllaşdırma tədbirlərinin görülməsi nəzərdə tutulub. Yaz əkini mövsümündə 229 hektar ərazidə meşəsalma və meşəbərpa işləri icra olunub. Bu da illik ümumi yaşıllaşdırma tədbirlərinin 56,1 faizini təşkil edir. Payız əkini mövsümündə isə daha 179,2 hektar ərazidə ağacəkmə aksiyaları həyata keçiriləcəkdir.

Sonra Naxçıvan-Çalxanqala avtomobil yolunun kənarındakı 3 hektarlıq ərazidə yeni tut bağı salınıb. Əraziyə 1800 tut tingi əkilib və suvarılıb. Dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ekologiya könüllüləri aksiyada fəal iştirak ediblər.

Təbii sərvətlərin qorunması və sağlam ekoloji mühitin formalaşdırılması tədbirləri çərçivəsində Naxçıvanda fauna reintroduksiyası tədbiri də həyata keçirilib. Culfa rayonu ərazisində 9 ceyran, 10 kəklik, 10 bildirçin və 1 ağbaş kərkəs təbiətə buraxılıb. 

Məlumat verilib ki, bu təşəbbüs nadir və azsaylı növlərin populyasiyasının artırılması, ekoloji tarazlığın qorunması və biomüxtəlifliyin bərpasına xidmət edir.

Qeyd edək ki, bu gün həyata keçirilən ekoloji tədbirlərin davamı olaraq Naxçıvanda ağacların nömrələnməsinə start verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksi ərazisində mövcud olan 300 ağac uçota alınaraq inventarlaşdırılıb. İnventarlaşdırılmış hər bir ağacın üzərində onları identikləşdirən inventar lövhələri vurulub. Həmçinin Heydər Əliyev Su Anbarına 300 min sazan balığı körpəsi buraxılıb.

Səbuhi HƏSƏNOV
XQ

Seçilən
15
xalqqazeti.az

1Mənbələr