Milli Məclisin sədri Sahibə Qafarova Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) Liderlər Sammitində çıxış edib.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Milli Məclisin sədri çıxışında Azərbaycanın təşkilatçılığı ilə COP29-un əldə etdiyi mühüm nailiyyətlər barədə geniş məlumat verib. Onun sözlərinə görə, böyük maneələrə, qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edərək, bu prosesi qətiyyətlə həyata keçirdi. COP29-da Azərbaycan tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmağı və əvvəlki danışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi konsensus əldə etməyi bacardı.
Spiker Sahibə Qafarova xatırladıb ki, Azərbaycan COP29-da Bakı Maliyyə Hədəfinin qəbul olunmasına nail oldu ki, bu da 2025-ci ildən inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur. Sahibə Qafarovanın sözlərinə görə, bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu günə qədər əldə edilmiş ən böyük maliyyə paketidir. Həmçinin, COP29-da inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim maliyyəsinin illik ən azı 1.3 trilyon dollara çatdırılması hədəfi ortaya qoyuldu. Bu hədəfə nail olmaq üçün Azərbaycan Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün Braziliya tərəfi ilə sıx əməkdaşlıq edib.
Milli Məclisin sədri COP29-un öz üzərinə götürdüyü bir sıra digər əsas mandatların reallaşdırılması istiqamətində də uğurlu nəticələr əldə etdiyini xatırladıb. Onun sözlərinə görə, bunlardan biri də Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarlarını tənzimləyən qaydaların tamamlanmasıdır ki, bununla da o, Paris Sazişinin qəbulundan 10 il sonra tam işlək hala gəlmişdir.
Diqqətə çatdırılıb ki, COP29 həmçinin 2025-ci ildən başlayaraq İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını və resursları ödəməyə hazır olmasını təmin edib. Qlobal iqlim fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsində mühüm addım olan Genişləndirilmiş Şəffaflıq Çərçivəsi də aktivləşdirilib. Bundan əlavə, zərərin təsirinin azaldılması, uyğunlaşma, gender, yerli xalqlar və digər bir-biri ilə əlaqəli olan prioritetlərlə bağlı geniş spektrli mühüm mandatlar üzrə də razılığa gəlindi.
Azərbaycanın ən həssas qrupların dəstəklənməsinə böyük diqqət yetirdiyini söyləyən Milli Məclisin sədri vurğulayıb ki, ölkəmiz bu öhdəliyi özünün COP29 Sədrliyinin əsas elementinə çevirib. Bu məqsədlə Azərbaycan İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) və Ən Az İnkişaf Etmiş Ölkələr (LDCS) nümayəndələrinin COP29-da iştirakı üçün maliyyə dəstəyi göstərib. Azərbaycan COP29-da Liderlər Zirvəsi zamanı SIDS üçün xüsusi konfrans təşkil edərək, onların xüsusi narahatlıqları və prioritetlərinin yüksək siyasi səviyyədə dinlənilməsi üçün platforma təmin etdi.
Çıxışda məlumat verilib ki, COP29 Sədrliyi, danışıqlara paralel olaraq, Paris Sazişinin bütün əsas məqamlarını əhatə edən 14 təşəbbüsdən ibarət Fəaliyyət Gündəliyi hazırlayıb. Bu gündəliyin əsas məqsədi təkcə hədəflər müəyyən etmək deyil, həm də bu hədəflərə çatmaq üçün lazımi infrastrukturun yaradılmasına və əməli tədbirlərin həyata keçirilməsinə nail olmaqdır. Lakin bu nəticələrdən savayı, COP29-un çoxtərəfli sistemə inamı da bərpa etdiyi vurğulanıb. Spiker Sahibə Qafarovanın sözlərinə görə, COP29 göstərdi ki, hətta geosiyasi gərginlik, etimadsızlıq və iqtisadi qeyri-müəyyənlik dövründə belə, ölkələr yenə də bir araya gəlib ümumi mənafe üçün birgə hərəkət edə bilərlər. Bu, Azərbaycanın davamlı sınaqlarla üzləşməsinə baxmayaraq, bərqərar edə bildiyi çoxtərəfliliyin zəfərinin əsl nümayişi idi.
Milli Məclisin sədri daha sonra bildirib ki, Azərbaycan COP28 və COP30 Sədrlikləri ilə birlikdə iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təşviq etmək üçün güclü öhdəlik nümayiş etdirdi. Azərbaycan, eyni zamanda öz milli səviyyədə müəyyən edilmiş töhfələrini hazırlayarkən də eyni qətiyyəti göstərdi. Belə ki, 2050-ci il üçün müəyyən edilmiş hədəfin reallaşdırılmasını 15 il önə çəkərək, bu hədəflərin 2035-ci ildə növbəti milli səviyyədə müəyyən edilmiş töhfələr tsikli dövründə reallaşdırmağı hədəflədi. Bu, son üç onillikdə ərazilərimizin işğal edilmiş və dağıdılmış iyirmi faizində genişmiqyaslı yenidənqurma və minalardan təmizləmə fəaliyyətlərini davam etdirdiyimiz şəraitdə belə, iqlim fəaliyyətinə davamlı öhdəliyimizi əks etdirir.
Çıxışının sonunda Milli Məclisin sədri bir daha bəyan edib ki, COP29-da iqlim fəaliyyəti üzrə mümkün şərtlərin formalaşmasından sonra, COP30 iqlim planlarının daha da irəliyə aparılması üçün daha bir imkan təmin edir. Azərbaycan COP30 prezidentliyinin "İcra COP"u baxışının reallaşdırılmasında COP30 prezidentliyini tam dəstəkləməyə və töhfə verməyə hazırdır. Spiker Sahibə Qafarova, Braziliyanı bu mühüm prosesdə dəstəkləməyə, vacib qərarları qəbul etməyə, planetimiz və gələcəyimiz üçün olduqca həlledici olan fəaliyyətlərin həyata keçirilməsinə çağırıb.