AZ

Prezident Kitabxanasında Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Noyabrın 7-də Prezident Kitabxanasının Konfrans zalında 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Kitabxanadan SİA-ya bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktor müavini Kamalə Sarıcalinskaya 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününün xalqımızın müasir tarixində tutduğu mühüm yerdən, bu bayramların milli həmrəylik, dövlətçilik və qürur rəmzi kimi əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə təsis edilmiş Zəfər Günü xalqımızın Böyük Qələbəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 9 noyabr tarixində bayram günü kimi qeyd edilir.

Daha sonra Elektron nəşrlərin tərcüməsi qrupunun rəhbəri Kəmalə Quliyeva, İncəsənət ədəbiyyatı fondu qrupunun rəhbəri Fəridə Namazova, Dövri mətbuat qrupunun rəhbəri Zülfiyyə Qurbanova və Kitabxana fondu bölməsinin məsləhətçi-biblioqrafı Rəxşan Quliyeva çıxışlarında Azərbaycan Ordusunun qəhrəmanlığından, xalqımızın birliyindən və dövlət rəmzlərimizin, xüsusilə üçrəngli bayrağımızın xalqımız üçün daşıdığı mənəvi dəyərdən bəhs ediblər.

Tədbirin davamı olaraq 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir çərçivəsində “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi ictimaiyyətin istifadəsinə təqdim edilib. Virtual sərgidə 44 günlük Vətən müharibəsinin xronologiyası, Azərbaycan Ordusunun döyüş yolunu əks etdirən nəşrlər, qəhrəman əsgər və zabitlərimizin igidliyindən bəhs edən kitablar, eləcə də müharibə dövründə aparılmış hərbi, diplomatik və informasiya mübarizəsinə dair materiallar yer alır.

Bununla yanaşı, Prezident Kitabxanasının Oxu zalında “Zəfər Günü” adlı kitab sərgisi də təşkil olunub. Bu sərgi virtual ekspozisiyanın məntiqi davamı kimi oxuculara Vətən müharibəsinə, onun siyasi və tarixi əhəmiyyətinə, azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərinə həsr edilmiş nəşrlərlə yerində tanış olmaq imkanı yaradır.

Qeyd edək ki, Prezident Kitabxanası 2022-ci il noyabrın 8-də Zəfər Gününə həsr olunmuş “Zəfər Günü” adlı elektron layihəni təqdim etmişdir. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış layihə ilə kitabxananın rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Seçilən
9
50
sia.az

10Mənbələr