Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və "Nar"ın dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Quba rayonunda keçirilən “Zəfər 5 il” könüllülər düşərgəsi uğurla yekunlaşıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqından SİA-ya bildirilib ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş düşərgə ümumilikdə ictimai fəallığı ilə seçilən 150 könüllü gənci bir araya gətirib. 30 oktyabrın – 3 noyabr tarixlərini əhatə edən düşərgənin məqsədi könüllü gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və qazanılmış Zəfərin əhəmiyyətini təbliğ etmək, dövlətçilik ənənələrini və milli dəyərləri inkişaf etdirmək, könüllülərin bu dəyərlərə bağlılığını artırmaq, həmçinin onların şəxsi inkişafına və komanda bacarıqlarının formalaşmasına dəstək vermək, birgə fəaliyyət təcrübəsini genişləndirməkdir.
Düşərgədən əvvəl Quba rayonuna çatan Azərbaycan könüllüləri müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra iştirakçıların şəbəkələşməsi üçün tanışlıq oyunları həyata keçirilib.
Rəsmi açılış mərasimində Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin baş mütəxəssisi Emil Yusifov, “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev könüllü gənclərin suallarını cavablandıraraq müzakirələr aparıblar.
Düşərgənin ikinci günündə iştirakçılar gənclər və idman nazirinin müavini İndira Hacıyeva ilə görüşüblər. Görüş zamanı gənclərlə ölkədə həyata keçirilən dövlət gənclər siyasəti, könüllülük hərəkatının inkişafı, gənclərin sosial fəallığı və onların ölkəmizin gələcəyində rolu barədə ətraflı fikir mübadiləsi aparılıb.
Beş gün davam edən düşərgə çərçivəsində könüllülərin asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün xüsusi peşəkarlığı və təcrübəsi ilə seçilən təlimçilər tərəfindən həyata keçirilən təlimlər, Vətən müharibəsi qazilərinin iştirakı ilə panel görüş, komanda oyunları, intellektual oyunlar, kreativ master-klasslar və vörkşoplar keçirilib.
Düşərgə müddəti ilə bağlı təəssüratın paylaşılması və dəyərləndirilməsi üçün könüllülər tərəfindən “Könüllünün bir günü” adlı videokontentlər hazırlanıb, eyni zamanda, gənclərin öz istedadlarını nümayiş etdirmələri üçün “SəhnədəSƏN!” yarışı təşkil edilib.
Həmçinin, düşərgədə könüllü gənclərin iştirakı ilə “Zəfər 5 il” adlı fləşmob təşkil edilib. Bu fləşmob Azərbaycan Könüllülərinin şanlı Zəfərimizə, Azərbaycanın qalib ruhuna olan sonsuz inam və qürur hissinin rəmzi ifadəsinə çevrilib.
Bir-birindən maraqlı fəaliyyətlərlə yadda qalan “Zəfər 5 il” könüllülər düşərgəsi musiqi və əyləncə dolu bağlanış axşamı ilə yekunlaşıb.