AZ

Kolleclərdə modernləşmə aparılmalıdır AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

"Kolleclərlə bağlı hazırkı vəziyyətin təhlili göstərir ki, bu təhsil pilləsi uzun illər ərzində nə peşə, nə də ali təhsil səviyyəsinə uyğun effektiv mexanizm yarada bilməyib. Tədris məzmunu, ixtisas strukturu və idarəetmə forması əmək bazarının çağırışları ilə uyğun gəlmir. Elm və Təhsil Nazirliyinin 2023-cü il hesabatına əsasən, ölkədə 72 kollecdə 65 minə yaxın tələbə təhsil alır. Onların 60 faizindən çoxu iqtisadiyyat, idarəetmə və pedaqogika ixtisaslarında oxuyur, halbuki Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, hazırda ölkədə texniki və mühəndis kadr çatışmazlığı 28 faiz səviyyəsindədir. Bu fakt göstərir ki, kolleclərin ixtisas hazırlığı ilə əmək bazarının tələbi arasında dərin disbalans mövcuddur".Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, “Təhsil haqqında” Qanununun 18-ci maddəsində göstərilir ki, orta ixtisas təhsili sisteminin məqsədi ixtisaslı mütəxəssislərin hazırlanması, onların praktiki fəaliyyətə uyğunlaşdırılması və sosial-iqtisadi inkişafın tələblərinə cavab verən kadr təminatının formalaşdırılmasıdır:"Lakin reallıqda kolleclərin bir çoxu bu missiyanı icra etməkdə çətinlik çəkir. Tədris proqramlarının çoxu 2000-ci illərin əvvəllərindən bəri ciddi yenilənməyib, laboratoriyalar köhnəlib, işəgötürənlərlə əməkdaşlıq mexanizmləri isə zəif qurulub. Bu da “Təhsil haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulan “təhsilin məzmununun əmək bazarının tələblərinə uyğunlaşdırılması” prinsipinin pozulmasına gətirib çıxarır.Elm və Təhsil Nazirliyinin bu sahədə başladığı islahatlar müsbət istiqamətdə addımdır. Son illərdə bir sıra kolleclər universitetlərin nəzdinə verilib, idarəetmə sistemində şəffaflıq və hesabatlılıq gücləndirilib. Məsələn, Bakı Biznes Kolleci UNEC-in, Sumqayıt Dövlət Texniki Kolleci isə SDU-nun nəzdində fəaliyyət göstərir. Bu addım təhsilin keyfiyyətinə, müəllim heyətinin akademik potensialına və tədris prosesinin universitet standartlarına yaxınlaşdırılmasına imkan yaradır. Qərb təcrübəsi də göstərir ki, bu model nəticə verir. Almaniyada “Berufsschule” və “Fachschule” adlanan peşə təhsil müəssisələri birbaşa sənaye və müəssisələrlə inteqrasiya olunaraq dual təhsil sisteminə xidmət edir. Finlandiyada kolleclər “applied higher education” prinsipi ilə fəaliyyət göstərir və onların proqramları texnologiya, innovasiya və praktiki bacarıqlar üzərində qurulub".Ekspert bildirib ki, kolleclərin tam ləğvi təhsil sistemində ciddi sosial və regional boşluqlar yarada bilər: "Statistik göstəricilərə əsasən, bu müəssisələr əsasən rayon və kiçik şəhərlərdə yerləşir və çox zaman həmin ərazilərdə yeganə orta ixtisas təhsili ocağı funksiyasını daşıyır. Bu təbəqənin təhsil imkanlarını məhdudlaşdırmaq sosial bərabərsizlik risklərini artırar, həm də gənclərin əmək bazarına daxilolma imkanlarını zəiflədər. Lakin dəyişiklik zəruridir. Bu dəyişiklik ləğv istiqamətində deyil, modernləşmə istiqamətində aparılmalıdır. Tədris proqramları modul əsaslı sistemə keçirilməli, “təcrübə + nəzəriyyə” balansı qorunmalı, müasir laboratoriyalar, sənaye ilə birgə kurikulumlar formalaşdırılmalıdır".Cavidan Mirzəzadə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
demokrat.az

1Mənbələr