7 noyabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində "Zəfər Günü"nün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri, RİH şöbə mudirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq, onun əziz xatirəsi ehtiramla yad edildi. Heydər Əliyev Mərkəzinin foyesində Zəfər Günü"nə həsr olunmuş sərgiyə baxış keçirilib.
Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə həmçinin Ümummilli Lider Heydər Əliyevə və Qarabağda Azərbaycanın suverenliyinin bərpasına həsr olunmuş videoçarx nümayiş edildi. Bu videoçarx iştirakçılara “Zəfər Günü”nün əhəmiyyətini bir daha xatırlatdı və Azərbaycanın qələbə yolunu qeyd etdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək vurğuladı ki, hər bir xalqın həyatında əlamətdar və tarixi günlər var. Ancaq qalib Azərbaycanımızın Zəfər Günü fərqli bir bayramdır. 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın tarixində parlaq bir səhifə açdı. Bu müharibə Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələndi və Azərbaycan xalqı öz müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında birləşərək, dünya ictimaiyyətinə gücünü və iradəsini nümayiş etdirdi.
Tədbirdə həmçinin, ölkəmizdə olduğu kimi Qaradağ rayonunda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhidlərə, onların ailələrinə və qazilərə olan diqqət və qayğının yüksək səviyyədə olduğu qeyd olundu. Bu diqqət hər zaman Qarabağda Azərbaycanın qələbəsinin təməlini möhkəmləndirir və gələcəkdə də bu istiqamətdə ardıcıl addımlar atılacağını bildirildi.
Milli Məclisin deputatı Aydın Hüseynov öz çıxışında “Zəfər günü tariximizdə yeni dövrə qədəm qoydu”
Bizim bayram günlərimiz çoxdur, hər birinin öz mahiyyəti var. Tarixdə götürsək, bizim əsas iki bayramımız var. “Qurtuluş günü” və “Zəfər günü”. Qurtuluş günü Ulu Öndər Heydər Əliyevin sayəsində baş tutdu və bu Zəfər gününə aparan əsas yol oldu. Bu bizim tariximizdə yeni dövrə qədəm qoydu.
Milli Məclisin deputatı Səbinə Xasayeva isə çıxışı zamanı qeyd etdi ki, 2023-cü ilin sentyabrın 19-da bir günlük lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu, üçrəngli bayrağımız Xankəndində ucaldıldı.
Düşmənin Qarabağda olan silah-sursat cəbbəxanası dağıdıldı, illər boyu xalqımıza qarşı düşmənçilik edən qondarma rejim məhv edildi. Cənab Prezidentin müdrik siyasəti və humanistliyi nəticəsində mülki əhaliyə heç bir ziyan dəymədi. Bu da dünya üçün analoqu olmayan nümunə idi.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son vaxtlar qatıldığı nüfuzlu təşkilatların ölkə rəhbərinə göstərilən ehtimadın bariz nümunəsidir.
Digər çıxış edən şəhid ailəri və qazilər “Zəfər”in əhəmiyyətindən danışdılar. Onlara göstərilən diqqət və qayğıya görə cənab prezidentə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq qeyd etdi ki, Vətən müharibəsində xalqımız və ordumuz Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə elə bir qəhrəmanlıq dastanı yazdı ki, illər, əsrlər keçəcək, bu tarix heç zaman unudulmayacaq, qan yaddaşımızdan silinməyəcək”.
Zəfər Gününün 5 illiyinə həsr olunan silsilə tədbrlər çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı–Ələt magistral yolunun 26-cı kilometrliyində, Sahil qəsəbəsi inzibati ərazi dairəsinin ərazisində, Xəzər adalarının qarşısında 100 ədəd həmişəyaşıl ağac əkilib.
Aksiyada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Qaradağ RİH-nin və eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbər heyəti iştirak ediblər. Tədbir Zəfər Gününün 5 illiyinə həsr olunaraq, şəhidlərin müqəddəs xatirəsinə ehtiram və müstəqil Azərbaycanın inkişafına töhfə verən ekoloji təşəbbüslərin dəstəklənməsi məqsədi daşıyıb.
Əkilən zeytun və alyandra ağacları iqlim şəraitinə uyğunluğu, davamlılığı və uzunömürlülüyü ilə seçildiyindən, ərazidə sabit və davamlı yaşıllıq zonasının formalaşmasına mühüm töhfə verəcək. Əkin zamanı torpağın hazırlanması, suvarma sisteminin qurulması və digər aqrotexniki tədbirlər də paralel şəkildə həyata keçirilib.
Yaşıllıq sahələrinin artırılması həm ekoloji mühitin sağlamlaşdırılması, həm də şəhər və qəsəbələrin abadlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qaradağ Rayon İcra Hakimiyyəti bu istiqamətdə işlərin gələcəkdə də ardıcıl şəkildə davam etdirilməsini planlaşdırır.
Bu layihə keçmişə ehtiram, bu günə məsuliyyət və gələcək nəsillər üçün daha yaşıl və sağlam mühitin yaradılması deməkdir.