AZ

General: Rusiya NATO-ya hücum edə bilər - Xəbərdarlıq

General:

“Rusiya istənilən an NATO ərazisinə məhdud hücum edə bilər”.

Reyting.az
xəbər verir ki, bu barədə Almaniyanın yüksək rütbəli hərbçisi, general-leytenant Aleksandr Zolfrank xəbərdarlıq edib.

Onun sözlərinə görə, Rusiyanın hazırkı imkanlarına və döyüş potensialına baxdıqda, belə qənaətə gəlmək olar ki, o, istənilən vaxt NATO ərazisinə kiçik, sürətli və regional məhdudiyyətli bir hücum həyata keçirə bilər.

Qeyd edək ki, general Zolfrank Almaniyanın Əməliyyat Komandanlığının rəhbəridir və ölkənin müdafiə planlaşdırmasına nəzarət edir.

Hərbi rəsmi həmçinin NATO-nun 2029-cu ildə Rusiyanın potensial olaraq ittifaq ölkələrinə qarşı tammiqyaslı hücuma başlaya biləcəyi barədə xəbərdarlığını da xatırladıb.

Zolfrank bildirib ki, Ukrayna müharibəsindəki uğursuzluqlara baxmayaraq, Rusiyanın hava qüvvələri hələ də güclüdür və ölkənin nüvə və raket imkanları zədələnməyib. Onun sözlərinə görə, Rusiyanın Qara dəniz donanması ciddi itkilər versə də, digər donanmalar hələ də fəaliyyət qabiliyyətini saxlayır.

“Quru qoşunları itkilər verir, lakin Rusiya ordusu şəxsi heyət sayını 1,5 milyon əsgərə çatdırmaq niyyətindədir. Rusiyanın sabahdan etibarən məhdud hücuma başlamaq üçün kifayət qədər əsas döyüş tankı mövcuddur”,- deyə general-leytenant əlavə edib.

Onun fikrincə, Rusiyanın hücum qərarını üç əsas amil müəyyən edəcək: hərbi gücü, hərbi nailiyyətləri və liderliyi.

“Bu üç amil məni Rusiyanın hücumunun tamamilə mümkün olduğu qənaətinə gətirir. Bunun baş verib-verməməsi isə əsasən bizim davranışımızdan asılı olacaq”, - Zolfrank vurğulayıb.

General həmçinin qeyd edib ki, Rusiyanın hibrid taktikaları - Avropa ölkələrinə qarşı pilotsuz uçuş aparatlarının istifadəsi və Ukraynaya qarşı müharibə - bir-biri ilə əlaqəli elementlərdən ibarət vahid strategiyanın tərkib hissəsidir.

“Ruslar bunu qeyri-xətti müharibə adlandırırlar. Onların doktrinasında bu, adi silahlardan istifadə edilməzdən əvvəlki müharibə mərhələsidir. Həmçinin onlar nüvə silahlarından istifadə ilə hədələyirlər - bu, qorxutma müharibəsidir”, - deyə general qeyd edib.

Zolfrank əlavə edib ki, Rusiyanın məqsədi həm NATO-nu təhrik etmək, həm də alyansın dayanıqlığını sarsıtmaq üçün “qeyri-sabitliyi artırmaq, qorxu yaymaq, zərər vurmaq, casusluq aparmaq və reaksiyanı sınamaqdır”.

E. KAMAL
Seçilən
25
reyting.az

1Mənbələr