Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Zəfər Günü münasibətilə tədbir keçirilib.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, tədbir torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
Tədbirdə çıxış edən agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhidlərimizi hörmətlə anıb, qazilərimizə Allahdan şəfa diləyib.
Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində qazanılmış Qələbə Azərbaycanın tarixində dərin iz qoyub və hər bir vətəndaşda yüksək milli ruh, həmrəylik hissi formalaşdırıb.
Tədbirdə, həmçinin işğaldan azad olunmuş torpaqlarda yeni infrastrukturun qurulması və yol infrastrukturunun inkişafı istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühüm rolu vurğulanıb.
Sonra Vətən müharibəsində iştirak etmiş agentlik əməkdaşları mükafatlandırılıb, tədbir çərçivəsində isə “Zəfər yollarında” adlı filmin anonsu nümayiş etdirilib.
