AZ

Avropa Komissiyasından rusiyalılara “sürpriz”...

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Avropa Komissiyası Rusiya vətəndaşlarına çoxgirişli Şengen vizalarının verilməsini rəsmi şəkildə qadağan edib. Yeni qərar təkcə Avropa İttifaqı (Aİ) ölkələrinə deyil, həm də Şengen məkanına daxil olan digər dövlətlərə — məsələn, İsveçrə və Norveç kimi ölkələrə də şamil olunur.

Komissiyanın açıqlamasına görə, Rusiyada sənədlərini təqdim edən vətəndaşlara çoxgirişli viza yalnız xüsusi hallarda veriləcək. Qərara əsasən, istisna yalnız müəyyən kateqoriyalara aid şəxsləri əhatə edir:

-Rusiya vətəndaşlarının yaxın qohumları, əgər onların ailə üzvləri Şengen ölkələrinin ərazisində yaşayırsa, birillik çoxgirişli viza ala biləcəklər. Bunun üçün həmin şəxslər son iki il ərzində ən azı üç dəfə Şengen vizası almalı və onun şərtlərini pozmamalıdırlar;

-Dənizçilər, yük və sərnişin daşıyan avtobus və yük maşını sürücüləri, eləcə də lokomotiv briqadaları və digər nəqliyyat sahəsi işçilərinə verilən çoxgirişli vizanın müddəti maksimum 9 ay olacaq. Bu halda da son iki ildə iki viza almış və qaydaları pozmamış olmaq şərtdir;

-Əsaslandırılmış hallarda çoxgirişli vizalar müstəqil jurnalistlərə, insan haqları müdafiəçilərinə və dissidentlərə də verilə bilər.

Avropa Komissiyası qərarı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, kiberhücumlar, sənaye casusluğu riskləri, eləcə də vizalardan təbliğat məqsədilə sui-istifadə və miqrasiyanın siyasi alətə çevrilməsi ilə izah edib.

Brüsseldə vurğulanıb ki, məqsəd Avropanın təhlükəsizliyini möhkəmləndirmək və Rusiya tərəfindən mümkün manipulyasiyaların qarşısını almaqdır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
azpolitika.info

1Mənbələr