AZ

Prezident İlham Əliyevin Pakistanın baş naziri ilə məhdud tərkibdə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 7-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü olub.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb.

Dövlətimizin başçısı və Pakistanın Baş naziri birgə foto çəkdiriblər.

Görüşdə dövlətimizin başçısı Vətən müharibəsində şanlı Qələbənin beşinci ildönümü münasibətilə sabah Bakıda keçiriləcək hərbi paradda iştiraka görə Məhəmməd Şahbaz Şərifə təşəkkürünü bildirdi, bunu ölkələrimiz arasında qardaşlığın nümunəsi kimi qiymətləndirib.

Parada dəvətə görə minnətdarlığını bildirən Pakistanın Baş naziri burada iştirak etməkdən məmnunluğunu vurğulayıb. Qonaq Prezident İlham Əliyevi və xalqımızı möhtəşəm Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edərək, paytaxt İslamabadın Azərbaycanın Qələbəsi şərəfinə ölkəmizin üçrəngli bayrağı ilə bəzədildiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyi bildirilib, Azərbaycan və Pakistanın beynəlxalq təşkilatlarda bir-birinə göstərdikləri qarşılıqlı dəstəyə toxunulub. İkitərəfli ticarət dövriyyəsində artım məmnunluqla vurğulanaraq, siyasi münasibətlərimizin ruhuna uyğun olaraq iqtisadi-ticari əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfindən Pakistandan idxal olunan düyüyə və 15 adda digər məhsula güzəştli ticarət tariflərinin tətbiqinin iqtisadi-ticari əlaqələrin inkişafında mühüm amil olduğu bildirilib.

Bu ilin birinci yarısında Hökumətlərarası Kommisiyanın iclasının uğurla keçirildiyi xatırlandı, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Hökumət nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin tezliklə qarşılıqlı səfərlər həyata keçirməsi ilə bağlı razılıq əldə olunub.

İşğaldan azad olunmuş ərazilərimizdə icra edilən bərpa və quruculuq işlərində Pakistan şirkətlərinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə ikitərəfli münasibələrimizin perspektivləri müzakirə edilib.

*** 19:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 7-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü olub.

Far.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Seçilən
15
9
far.az

10Mənbələr