AZ

Gəncədə “Əbədi Qardaşlıq” adlı Zəfər Gününə həsr olunan konsert keçirilib

Gəncə, 8 noyabr, Elcan Məmmədov. AZƏRTAC

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunan “Əbədi Qardaşlıq” adlı konsert proqramı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı, Türkiyənin Gəncə şəhərindəki Baş konsulluğunun və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutub.

Zəfər Gününə həsr olunan təntənəli gecədə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri, eləcə də Türkiyə Respublikasının diplomatik nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının qarşısında yürüş edərək Zəfər marşlarını ifa edib.

Mehter sədaları şəhər sakinləri və tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb, yürüş iştirakçıları Filarmoniyanın qarşısından başlayaraq və Türk və Azərbaycan dostluğunun simvolik abidəsinin qarşısından keçiblər.

Konsertdə çıxış edənlər Zəfər salnaməsindən, qəhrəmanlıq tariximizdən və Azərbaycan–Türkiyə dostluğunun əbədiliyindən bəhs ediblər.

Bədii hissədə tanınmış sənətçilər – Xalq artisti Teyyub Aslanov, Zaur Gəray, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Vüsal Hacıyev, Rüstəm Cəfərov, Pərviz Abdullayev, Elmir Pişnamazzadə və Səttar Qəmbərov müxtəlif ifaları ilə çıxış edərək tamaşaçılara unudulmaz anlar bəxş ediblər.

Konsertdə Filarmoniyanın Kamera orkestri (Bədii rəhbər – Xalq artisti Rafael Bayramov), Xalq çalğı alətləri orkestri (Bədii rəhbər – Xəyal Qəhrəmanov), Filarmoniyanın Rəqs kollektivi (Baletmeyster – Sənan Cavadov) və Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” Nağara İfaçılar Ansamblı (Bədii rəhbər – Söhrab İbrahimov) və II Qarabağ müharibəsi qazisi Elmar Nəsirovun ifası və Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi məktəbinin müəllimi aşıq İlqar Nəcəfoğlu və saz çalanlar ansamblı xüsusi rəng qatıb.

Həmçinin Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin möhtəşəm səhnə çıxışı tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.

Sonda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Xalq artisti Aygün Səmədzadə çıxış edərək tədbirdə dəstəyi və əməyi olan hər kəsə təşəkkürünü bildirib, Azərbaycan–Türkiyə dostluğunun mədəniyyət və incəsənət vasitəsilə daha da möhkəmləndiyini qeyd edib.

Gecənin sonunda səslənən “Cəngi” əsəri tamaşaçılar tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.

Seçilən
63
azertag.az

1Mənbələr