AZ

Tarixi Zəfərdən ötən 5 ildə Azərbaycanın qlobal arenada möhkəmlənən mövqeyi VİDEO

Bakı, 8 noyabr, Pərvin Bayramova, AZƏRTAC

Müstəqil Azərbaycan tarixində ölkəmiz ilk dəfə olaraq beynəlxalq münasibətlər sistemində tamamilə yeni bir obrazda - ərazi bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə iştirak edir. Bu, Vətən müharibəsində qazanılan tam Qələbənin və 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu lokal antiterror əməliyyatlarının əyani nəticəsidir.

Uzun illər işğala, ədalətsizliyə, beynəlxalq arenada ikili standartlara məruz qalan, amma öz gücü hesabına müharibədə tam Qələbə qazanan, işğala və münaqişənin mövcudluğuna son qoyan Azərbaycan uğurlu diplomatiya hesabına regionda formalaşdırdığı yeni reallıqları beynəlxalq aləmdə qəbul etdirməyi bacardı. İkinci Qarabağ müharibəsinin nəticələri Azərbaycanın xarici siyasət istiqamətlərinə də müsbət təsirini göstərdi. Çünki münaqişə illərində Azərbaycan diplomatiyasının əsas məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli, ərazi bütövlüyünün bərpası idi. Bu illər ərzində işğal məsələsi Azərbaycanın xarici siyasət gündəliyini məşğul etmişdi. Həmçinin bu, ölkənin potensialına uyğun daha fəal xarici siyasət yürüdülməsinə maneələr törədirdi. Postmünaqişə dövründə isə Azərbaycan daha fəal, çoxşaxəli xarici siyasət yürütmək imkanı əldə edib. Artıq geosiyasi reallıqlar dəyişib və buna uyğun olaraq ölkənin xarici siyasət strategiyası yenidən formalaşdırılıb.

Postmüharibə dövründə Azərbaycanın xarici siyasətində fəallıq və təşəbbüskarlıq xeyli artıb. Ölkəmiz regionun hüdudlarını aşaraq beynəlxalq miqyasda bir sıra təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində, Şanxay Əməkdaşlıq Təşkilatı formatında keçirilən iclaslarda, Türk Dövlətləri Təşkilatının, eləcə də MDB ölkələrinin dövlət başçılarının toplantılarında, həmçinin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Yaxın Şərq Sülh sammitində iştirakı bunun əyani sübutudur. Qısacası, Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformalarının mərkəzi oyunçusu kimi çıxış edir.

İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfər qazanmaqla regionda uzun illərdir hökm sürən münaqişəyə son qoymağı bacaran Azərbaycan regional təhlükəsizlik mühitinin yaradılması üçün ilkin elementləri də özü formalaşdırdı, regionda münaqişə potensialını azaltdı. Bu aspektdən də əsrlər boyu böyük geosiyasi maraqların toqquşduğu, lakin, eyni zamanda, müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan olan Cənubi Qafqazda artıq yeni era başlayıb. “Biz həm müharibəni udduq, həm də sülhü qazandıq”. Prezident İlham Əliyev cari ilin sentyabrında BMT Baş Assambleyasının tribunasından səsləndirdiyi bu fikirlərlə Azərbaycanın yeni mərhələyə qədəm qoyduğunu bəyan etdi.

İkinci Qarabağ müharibəsi regiona uzun illərdir lazım olan sülhü gətirdi. Vətən müharibəsində qalib tərəf olmasına baxmayaraq, Azərbaycan sülhün təşəbbüskarı kimi çıxış etdi. 2021-ci ildən bəri Azərbaycanın təşəbbüsü və irəli sürdüyü 5 prinsip əsasında aparılan sülh danışıqları artıq yekunlaşmaq üzrədir. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin mətni artıq razılaşdırılıb. Cari il avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentləri, Ermənistanın Baş nazirinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bu addım Azərbaycan ilə Ermənistan arasında uzun illərdir davam edən münaqişə tarixində nadir razılaşmalardan biridir. Belə mürəkkəb bir coğrafiyada yerləşən və tarixi münaqişələrlə dolu olan Cənubi Qafqaz regionunda bunu əldə etmək, bacarmaq kifayət qədər çətin bir iş idi. Bu proses Azərbaycanın 2020-ci ildən sonra qazandığı hərbi üstünlüyün diplomatik masada da reallaşdırılmasıdır.

Beləliklə, Vətən müharibəsinin 5-ci ildönümündə biz sülhü əldə etməyə həmişəkindən daha yaxınıq. Vaşinqton paraflanması bir mərhələ kimi yekun deyil, başlanğıcdır. Bu mərhələnin uğurla tamamlanması üçün diplomatiya, təhlükəsizlik və iqtisadi layihələrin icrası paralel və əlaqələndirilmiş şəkildə aparılmalıdır.

 

Seçilən
101
azertag.az

1Mənbələr