AZ

Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək

Qubada 8 noyabr – Zəfər Günü ilə bağlı nəzərdə tutulan bayram tədbirini “Laguna Group” şirkəti keçirəcək.

KONKRET.az xəbər verir ki, şirkət Quba Rayon İcra Hakimiyyətinin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.

Şirkət göstərdiyi xidmətə görə 181 580,05 manat alacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Laguna Group” MMC 15 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, mənzil 102 olan şirkətin qanuni təmsilçisi Əsgərov Ramil Əsgər oğludur.

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Ramil Əsgərov barəsində də hər hansı məlumata rast gəlinmir.

Araşdırmalarımız zamanı məlum olub ki, “Laguna Group” MMC-nin hüquqi ünvanında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev də qeydiyyatdadır. Mediada gedən məlumatlarda “Laguna Group” MMC-nin nazir müavininə məxsus olması barədə iddialar yer alıb. Şirkətlə nazir müavinin eyni ünvanda qeydiyyatda olması bu iddiaların əsassız yerə ortaya atlımadığını göstərir.

Qeyd edək ki, Yalçın Rəfiyev 2023-cü ildə xarici işlər nazirinin müavini vəzifəsinə təyinat alıb.

Onun qardaşı Müzadil Rəfiyev şirkət rəhbəridir. O. “Aqroman” MMC-yə rəhbərlik edir. Bu şirkət 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır.

Seçilən
1
6
konkret.az

8Mənbələr