AZ

Şücaətin və Vətən sevgisinin canlı dastanı – GÜLƏR MÜBARİZ YAZIR

Azərbaycan torpağı tarix boyu igidlər yetişdirib. Hər biri öz dövrünün qəhrəmanı, millətin dayağı, torpağın qoruyucusu olub. Onlardan biri də xalqın yaddaşına əbədi həkk olunan, adı ilə qürur duyulan Milli Qəhrəman Pəncəli Teymurdur.

Pəncəli Teymur — Ölümü ilə ölməzliyə qovuşan igid…

O, sıradan bir insan deyildi. Torpaq üçün doğulan, şəhidlik üçün seçilən Vətən oğlu idi
Pəncəli Teymur.

Teymurun həyatı — vətənpərvərlik, mərdlik və fədakarlıq məktəbidir. O, Vətənə yalnız sözlə deyil, əməllə xidmət etdi. Torpağının hər qarışını canı bahasına qorudu, silah yoldaşlarının önündə gedərək, öz igidliyi ilə onlara ruh, cəsarət və inam aşıladı.

Pəncəli Teymur sadə bir ailədə böyüsə də, ürəyi böyük, arzusu uca idi. O, vətənini sevməyi ata-anasından, torpağın dəyərini isə həyatın özündən öyrənmişdi. Hər zaman “bir gün Vətən üçün lazım olacam” deyərdi.

Bu sözlər sonradan onun taleyinə çevrildi — Teymur doğrudan da Vətən üçün lazım idi və lazım oldu.

Qarabağ torpaqları düşmən tapdağı altında olanda Teymur bir an düşünmədən ön cəbhəyə yollandı. O, qorxunun nə olduğunu bilmirdi.

Onun üçün ölüm belə müqəddəs idi, əgər o ölüm Vətən üçün gəlirdisə.

Mərmilər yağış kimi yağırdı, amma Teymur bir an belə geri çəkilmədi. Silahdaşlarının dediyinə görə, o, həmişə öndə idi — “İrəli, Vətən üçün!” deyərək.

Elə bu igidliyi, bu cəsarəti ilə o, öz adını Azərbaycan qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırdı.

Onun gözlərində Vətən sevgisi alışıb-yanırdı.

Azadlığın heç vaxt ucuz başa gəlmədiyini bilən adam. Qorxmayan, çəkinməyən və yolundan dönməyən.

Çünki o, anlayırdı: “Torpaq uğrunda ölən varsa, Vətən var.”

Döyüş meydanında mərmi yağışı altında o, bir an belə geri çəkilməyən bir igid idi Teymur. Həyatını təhlükəyə atan hər güllə onun iradəsini daha da möhkəmləndirirdi.

Çünki o bilirdi ki, Vətən üçün ölənlər ölmürlər.

Teymur şəhid olanda sanki torpaq özü susdu. Çünki o, bu torpağın azadlığı uğrunda canından keçmişdi.

Anası oğlunun şəhid xəbərini göz yaşı ilə qarşılasa da, qəlbinin dərinliyində bir qürur vardı. Çünki hər ana şəhid anası olmaq şərəfini yaşaya bilmir.

Milli Qəhrəman adına layiq ömür

Pəncəli Teymurun igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. Onun adını yaşatmaq, nəsillərə örnək göstərmək məqsədilə o, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldü.

Bu ad ona təkcə cəsarətinə görə yox, həm də xalqına, torpağına və gələcəyə olan inamına görə verildi.

Əbədi yaşayan ad

Bu gün Pəncəli Teymurun adı məktəblərdə, küçələrdə, yaddaşlarda yaşayır. Onun hekayəsi gənclərə bir dərs, bir çağırışdır: “Vətəni sevmək təkcə sözlə deyil, əməllə sübut olunur.”

Pəncəli Teymur getdi, amma adı qəlblərdə, tarixdə, azad torpaqlarda qaldı. O, hər bir Azərbaycan vətəndaşının qəlbində yer tutan səssiz dua anında yaşayır.

Çünki Qəhrəmanlar ölmürlər — onlar xalqın vicdanında əbədiyaşar olur.

Bu gün onun məzarı bir xalqın ziyarətgahı, ocaq kimidir — xalqın dua yeri, qeyrətin ünvanıdır.

Hər şəhid anası, hər əsgər balası, hər azərbaycanlı gənc onun adını eşidəndə bir anlıq sinəsini qürurla qabardan igiddir Pəncəli.
Teymur getdi, amma adı qaldı – əbədi!

Torpağın sinəsinə köçən oğul indi xalqın qəlbində yaşayır.

Milli Qəhrəmanlar, Teymur kimi oğullar ölmürlər —onlar hər bayraq dalğalananda, hər azan səsi yüksələndə, hər körpənin gülüşündə yenidən dirilirlər.

Vətən səni unutmadı, Teymur! Sən ölümə məhkum olmadın, sən ölümsüzlüyə yol aldın. Adın hər ürəkdə bir dua, hər dildə bir qürurdur.
Adın mübarək, qardaşım!

Seçilən
4
2
busaat.az

3Mənbələr