AZ

İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar olaraq tədbir keçirilib. İclasda institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.

"Unikal" xəbər verir ki, öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşaraq canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra İSİ əməkdaşları tərəfindən hazırlanan 44 günlük Vətən müharibəsinin tarixi anlarını xatırladan videoçarx nümayiş olunub.

İclası İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq Zəfər Gününün 5-ci ildönümü münasibətilə bütövlükdə dünya azərbaycanlılarını təbrik edib.

Akademik Ermənistanın təxribat xarakterli növbəti hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-dən başlayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqların azad edilməsi uğrunda həyata keçirdiyi İkinci Qarabağ müharibəsinin şanlı tarixinə nəzər salıb. Qeyd edib ki, 44 gün ərzində həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa düşmən işğalından azad edildi, 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanata əsasən Ermənistan Ağdam rayonunun işğal altındakı hissəsini, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur oldu.

Müharibədən sonrakı dövrdə suverenliyimizin tam bərpası ilə nəticələnən uğurlu antiterror əməliyyatlarından söz açan akademik bildirib ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Cəmi 23 saat 43 dəqiqə ərzində aparılan əməliyyatdan sonra Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan Bayrağı yüksəldildi, ölkəmizin ərazi bütövlüyü tamamilə bərpa edildi.

Qarabağ müharibəsinin dünya tarixində son illərin ən mühüm qələbəsi olduğunu qeyd edən akademik bu zəfərin məhz ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan Ordusunun qətiyyəti sayəsində mümkün olduğunu vurğulayıb. 2022-ci il oktyabrın 21-dək 2908 hərbi qulluqçu və 100 mülki şəxsin həlak olduğunu, 6 itkin və 12 hərbi əsir qeydə alındığını bildirən Ə.Abbasov Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirib, şəhidlərimizi dərin ehtiramla yad edib.

Qarabağ zəfərindən sonra ölkə başçısının rəhbərliyi ilə hərbi, siyasi, iqtisadi, texnoloji və mədəni sahələrdə həyata keçirilən dövlət siyasəti və quruculuq işlərindən bəhs edən Ə.Abbasov hərb meydanında əldə olunan uğurların əsasında dövrün tələblərinə cavab verən müasir texnologiyaların dayandığını qeyd edib. Bu istiqamətdə Azərbaycan elmi ictimaiyyətinin qarşısında duran vəzifələrdən bəhs edən akademik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 3 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaq tədbirində səsləndirdiyi fikirlərə nəzər salıb. Qeyd edib ki, hər bir ölkənin inkişafının əsasında cəmiyyətin intellektual potensialı, texnoloji və elmi inkişafının dayandığını bildirən ölkə başçısı hazırda Azərbaycanın tərəqqisi istiqamətində texnoloji inkişafın əsas prioritet olduğunu vurğulayıb, bu baxımdan ölkənin elmi ictimaiyyəti qarşısında duran vəzifələri nəzərə çatdırıb.

Dünya hərb siyasətinə doktrinalarla yazılan İkinci Qarabağ müharibəsini eyni zamanda böyük texnologiyalar müharibəsi adlandıran Ə.Abbasov döyüşlərdə pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməsinin yerli və xarici hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Qeyd edib ki, çıxışında bir çox beynəlxalq hərbi ali məktəblərdə tədqiq edilən İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının tətbiqindən söz açan ölkə başçısı müasir müharibələrdə PUA-ların istifadəsinin təməlinin ölkəmiz tərəfindən qoyulduğunu və hazırda bu sahənin inkişafında işlərin davam etdirildiyini bildirib.

Ümumilikdə, Azərbaycan elminin inkişafı, əldə olunan elmi nəticələrin müxtəlif sənaye sahələrinə tətbiqi istiqamətində dövlət strukturları və elmi ictimaiyyətin “Dövlət-Özəl-Akademik” əməkdaşlıq modeli ətrafında cəmləşməli olduğunu nəzərə çatdıran dövlət başçısı Azərbaycan elminin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasətindən bəhs edib.

Dövlət başçısının Azərbaycanda kibertəhlükəsizlik və süni intellekt sahələrinin inkişafı ilə əlaqədar səsləndirdiyi önəmli məqamları ətraflı şəkildə nəzərə çatdıran Ə.Abbasov bildirib ki, kiberhücumların müxtəlif istiqamətlərdə geniş vüsət alması bu sahənin inkişafında xüsusi diqqət tələb edir. Çünki kibertəhlükəsizlik sadəcə virtual təhlükəsizlik deyil, eyni zamanda hər bir ölkənin fiziki təhlükəsizliyidir. Rəqəmsallaşmanın torpaq, su, hava, kosmik və kiber sahələrdə sürətlə inkişaf etdiyi müasir dövrdə bu sistemlərin müdafiəsində kibertəhlükəsizliyin önəmindən bəhs edib. Məhz bu istiqamətdə hazırda ölkəmizdə beynəlxalq tərəfdaşlar və böyük təcrübəyə malik olan şirkətlərlə əməkdaşlıq əlaqələri qurulur, kibertəhlükəsizliklə bağlı dövlət strukturları və Azərbaycanın elm ictimaiyyətinin birgə fəaliyyət göstərməsi üçün əməli tədbirlər görülür, rəqəmsallaşma geniş miqyasda tətbiq edilir.

Ölkə başçısının çıxışında səsləndirdiyi qarşıda duran vəzifələrin icrası istiqamətində uzun illər İSİ-də həyata keçirilən işlərdən bəhs edən Ə.Abbasov süni intellekt texnologiyalarının intellektual qərar qəbuletmə, intellektual tanıma problemləri və təbii dillərin emalı (NLP) kimi hərbi tətbiqə yönəlmiş sahələrində aparılan tədqiqatlardan, aerokosmik informasiyaların emalı üzərində tanıma məsələləri, xüsusi təyinatlı pilotsuz uçuş aparatlarının bort kompüteri, uçuş kontrolleri, xüsusi rabitə, uçuş idarəetmə sisteminin və müvafiq proqram təminatının işlənib hazırlanması kimi potensial layihələrdən söz açıb. Qeyd edib ki, sözügedən layihələr “Dövlət-Özəl-Akademik” əməkdaşlıq çərçivəsində dövlət əhəmiyyətli qurumlarda müxtəlif sahələr üzrə uğurla tətbiq edilməyə başlamışdır. Bu məqamda İSİ ilə SİNAM MMC, Robotroniks və İntelPro startup şirkətləri arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərdən bəhs edən Ə.Abbasov qarşıda duran vəzifələri nəzərə çatdırıb.

Sonra r.e.d., professor Knyaz Məmmədov, t.e.d., dosent Fəhrad Paşayev, r.ü.f.d., dosent Ələkbər Axundov və i.ü.f.d., dosent Aygün Əliyeva çıxış edərək müharibənin şanlı tarixindən bəhs edib, Qarabağla bağlı xatirələrini bölüşüblər.

Seçilən
45
50
unikal.az

10Mənbələr