AZ

Gürcüstanın Baş naziri: Biz Orta Dəhlizin gücləndirilməsi ideyasına sadiqik

Tbilisi, 8 noyabr, AZƏRTAC

Gürcüstan hökuməti ölkənin tranzit funksiyasını maksimum dərəcədə bərpa etməyə çalışır. Bu məqsədlə infrastrukturun inkişafına, magistral yolların, dəniz və hava limanlarının, eləcə də dəmir yollarının tikintisinə böyük sərmayələr yönəldilir ki, Gürcüstan dünyanın müxtəlif regionları arasında əlaqə baxımından daha güclü oyunçuya çevrilsin.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Mərkəzi Televiziyasının (CCTV) “Liderlərin söhbəti” proqramında deyib.

“Gürcüstan tarixən Qərblə Şərq, Avropa və Asiya arasında birləşdirici halqa olub. Biz bu kontekstdə Qərb və Şərqi birləşdirən ölkə kimi rolumuzu daha da gücləndirmək istəyirik”, - deyə Baş nazir bildirib.

İrakli Kobaxidze əlavə edib: “Biz “Bir kəmər, bir yol” təşəbbüsündə daha fəal rol oynamaq üçün bütün imkanlardan istifadə edirik. Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlıq və ticarət baxımından çox perspektivli marşrut yaradır. Buna görə də biz Orta Dəhliz - Transxəzər nəqliyyat dəhlizinin gücləndirilməsi ideyasına sadiqik və Gürcüstanın bu əməkdaşlıqda müsbət rol oynaya biləcəyinə inanırıq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Seçilən
28
azertag.az

1Mənbələr