AZ

ABŞ-da daha bir erməni oyuncağı konqresmen ifşa edildi - “o, pis, korrupsioner idi”...


Təbriz Musayev: “Pelosi ilə yanaşı, digər ermənipərəst konqresmenlər də ifşa ediləcək”

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, ermənipərəst konqresmen Nensi Pelosi 2026-cı ilin noyabrında Konqresə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp "Fox News"a açıqlamasında Nensi Pelosinin təqaüdə çıxmasını Amerika üçün böyük bir hadisə adlandırıb və onu “çox şişirdilmiş siyasətçi” adlandırıb. Tramp Pelosini "siyasi fırıldaqçı" adlandıraraq onu fond bazarında qanunsuz olaraq sərvət toplamaqda ittiham edib: “O, pis, korrupsioner idi və ölkəmiz haqqında yalnız pis düşünürdü. O, fond bazarında qanunsuz olaraq sərvət topladı, ABŞ ictimaiyyətini soydu və fəlakətə çevrildi. Nensi Pelosinin qoxusunun yox olmasına şadam. Partiyası üzərində nəzarəti sürətlə itirirdi və heç vaxt onu geri qaytara bilməyəcək”.

Burada diqqəti çəkən məqam odur ki, erməni lobbisinə bağlı növbəti şəxs korrupsioner çıxdı. Özü də Nümayəndələr Palatasının spikeri olub. Bundan əvvəl Bob Menendez korrupsiya və casusluğa görə, bir neçə il azadlıqdan məhrum edildi. Digər ermənipərəst konqresmen Adam Şiff barəsində araşdırma gedir. Pelosini də Tramp korrupsiyada ittiham edir.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, bütün bunlar bir sıra məqamlardan xəbər verir: “Məlum olduğu kimi, 1988-ci ildə Qarabağda erməni separatizmi başlayanda onların güc aldığı, arxalandığı birinci mərkəz Moskva, Qorbaçov idisə, ikinci mərkəz xaricdəki erməni lobbisi idi. Xüsusən də ABŞ-dakı erməni lobbisi erməni separatizminin maskalanmasında, Azərbaycan ərazilərinin işğal edilməsinin dünyada ört-basdır edilməsində vacib rol oynadı. İmkan vermədilər ki, ABŞ əsl həqiqəti görsün. İşğala məruz qalan tərəf Azərbaycan olduğu halda ABŞ Konqresi 1992-ci ilin oktyabrında Azərbaycana qarşı bədnam 907-ci düzəlişi qəbul etdi. O zaman bunun bilavasitə təşəbbüskarlarından biri Nensi Pelosi idi. Əsasən Demokratlar Partiyasında mövqelənən erməni lobbisi Konqresdə bir sıra şəxsləri ələ alaraq ərazilərimizin işğalına dəstək verdilər. Bir məqamı xüsusi olaraq qeyd edim ki, Azərbaycanda o zaman 1 milyonadək qaçqın və məcburi köçkün var idi. Onların əksəriyyəti çadırlarda məskunlaşmşdı. 1998-ci ilin yayında ABŞ konqresmenləri Ermənistan və Azərbaycanda səfərdə olublar. O vaxt Pelosi və bir neçə konqresmen öz gözləri ilə məcburi köçkünlərin necə ağır vəziyyətdə çadırlarda yaşadıqlarını gördülər. Ancaq bu, onun və digər ermənipərəst konqresmenlərin mövqeyinə təsir etmədi. Ermənilərə verdikləri dəstəyi davam etdirdilər. Pelosi terrorçuluğa qarşı mübarizə apardığını dəfələrlə bəyan edən ABŞ-ın həm Bayden, həm də əvvəlki hökumətləri dövründə Ermənistana, xüsusən erməni terrorçularına açıq dəstəyi ilə seçilib. Pelosinin açıq ermənipərəst mövqeyi təkcə Azərbaycanda deyil, ABŞ-da da narazılıqla qarşılanıb. Çünki məlum idi ki, erməni lobbisinin verdiyi milyonlarla dollar rüşvət müqabilində Azərbaycana qarşı çirkin kampaniya aparılırdı. İlahi ədalət onların cəzasını verir. Hesab edirəm ki, Pelosi ilə yanaşı, digər ermənipərəst konqresmenlər də ifşa ediləcək. Bu prosesin davamı olacaq”.

Vidadi ORDAHALLI

Seçilən
85
baki-xeber.com

1Mənbələr