AZ

Azərbaycanın Milli Qəhrəmanı Qocalar evində yaşayır - FOTOLAR

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev hazırda Qocalar evində yaşayır. Amma onun yaşadığı QocalareEvi Azərbaycanda deyil, uzaq İsveçdə yerləşir. Məsələ burasındadır ki, Şahin Tağıyev 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçüb.

Milli Qəhrəmanın İsveçdəki Qocalar evinə yerləşdirildiyini Modern.az-a Avropada yaşayan tanınmış azərbaycanlı fəal Vahid Qazi bildirib.

“8 noyabr Zəfər bayramında - Şuşanın 28 illik işğaldan azad edildiyi gündə Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevi “Oxie” Qocalar evində ziyarət etdik. Şahin bəy insult və infarkt keçirəndən sonra burada yaşayır. İsveçin səhiyyə və sosial sisteminin təmin etdiyi qayğı, övladlarının, nəvələrinin diqqəti, sevgisi ilə ömür sürür.

Xeyli söhbət etdik, 1990-ların ilk yarısında yaşadığımız ömrün faciələr dolu ağır illərindən üzü azad Qarabağacan - Zəfər günündək danışdıq.

Dedim, tez sağal Şuşaya birlikdə gedək, kövrəldi.

Ayrılanda hamıya salam dedi, xalqımızı təbrik elədi.

Mən də onun təbrikinə qoşulub Zəfər günümüz mübarək olsun deyirəm”, - Vahid Qazi bildirib.

Qeyd edək ki, əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub.

Kiçik yaşlarından Bakıya köçüb, uşaqlıq illəri Bakının Bülbülə qəsəbəsində keçib, burada böyüyüb. Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə gedib və beşinci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra Energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Rusiyaya -  Udmurt vilayətinə göndərilib.

Gənc yaşlarında Rusiya və Azərbaycanda əvvəlcə energetika, sonra ticarət sahələrində işləyib. 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə atılıb.


1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri olub. Özü və rəhbərlik etdiyi batalyon bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib.

Tərtər, Seysulan, Yarımca, Levonarx döyüşlərində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə ona Milli Qəhrəman adı verilib.

Şahin tağıuev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir.


1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik-leytenant rütbəsində Ordudan tərxis olunub.

Şahin Tağıyev atəşkəs dövründə də Qarabağın azadlığı naminə fəaliyyətini davam etdirib. 1998-ci ildə Qarabağ Koordinasiya Şurasının işində fəal iştirak edib. Qarabağ Azadlıq Təşkilatının yaradıcılarından olub, 2000-ci ildə Qarabağ Azadlıq Təşkilatının bərpa qurultayında Ali Məclis üzvü, sədr müavini seçilib.

2001-ci ildən Azərbaycandan Avropaya mühacirət edib, İsveçə köçüb.

Ş.Tağıyev ailəsi ilə birgə hazırda İsveçdə yaşayır. Bir oğlu, bir qızı, nəvələri var.

Milli Qəhrəman təqaüdçüdür.


2000-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayarkən Şahin Tağıyev səhhətilə əlaqədar Azərbaycana gələ bilməyib, oktyabr ayında Vətən müharibəsinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1500 manat məbləğində vəsait köçürüb.

Milli Qəhrəmanın ən böyük arzusu Şuşadakı ata yurdunu ziyarət etmək idi. O, 2023-cü ilin noyabrında bu arzusuna qovuşdu. İçveçdən Vətənə gələn Ş.Tağıyev Şuşaya gedərək, şəhəri ziyarət edib. Şuşadakı Vaqif məqbərəsinin yanında çəkdirdiyi şəklini sosial şəbəkədə paylaşıb.

Daha sonra o, İsveçə qayıdıb.

Ə.Qafarlı

Seçilən
24
4
modern.az

5Mənbələr