"İlk növbədə Zəfər Günü münasibətilə xalqımızı, dövlətimizi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Zəfərimiz əbədi olsun. Yəqin ki, bu gün əzmkar oyun keçəcəyi hamıya bəlli idi. Qarşımızda təhlükəli komanda var idi. Hücum potensialı ən təhlükəli komandalardan birinə qarşı oynayırdıq. Əks-hücumlarda da təhlükəlidirlər, cinah asmaları təhlükəlidir. Hamısını nəzərə almışdıq. Futbolçularım əzmkarlıq göstərdi. Demək olar ki, rəqibə qol epizodu vermədik. Komandam çox diqqətli oldu və peşəkarlıqla hücumların qarşısını alırdılar. 60-cı dəqiqədən sonra say üstünlüyümüz oldu. Ona qədər bərabər mübarizə şəraitində oyun keçirdi. 100 faizli olmasa da, qol epizodlarımız oldu. Daha böyük qüvvə ilə irəli atıldıq. Sadəcə rəqib qapıçı, müdafiəçilər etibarlı idilər. Uduzsaydıq da, futbolçularımın davranışından razı idim. Bu şəkildə davam etməliyik. Milli fasilədən sonra hazırlaşacağıq ki, istədiyimiz nəticəni əldə edək".
QOL.az sportal.az-a istinadla xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 11-ci turunun "Zirə" - "Turan Tovuz" (0:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Hakimliyi bəyəndiniz?
- Birinci hissədə epizodlar var idi ki, etiramızı bildirdik. Bizi özümüzdən çıxaran epizod var idi. Uzaqdakı yan xətt hakim qırmızı vərəqə verilməsini dedi. 50 metrdən epizoda müdaxilə etdi. VAR sistemi var. Epizodda "qırmızı"lıq bir şey yox idi. Əliyar bəyin də dərhal qırmızı verməsi, hamımız emosional olduq. Oyunun sonunda foullar var idi ki, bəlkə bizim, digər komandaların xeyrinə verilsə, təhlükəli deyil. Amma "Turan Tovuz" standart vəziyyətlərdə təhlükəlidir. Oyunun içində bu məqamlar olur. Hakim səhvi nəticəyə təsir etmədi. Vacib olan budur.
- Tiaqo Silva start heyətinə qayıtdı. Bunun xüsusi səbəbi var idi?
- Plan iki oyunluq idi. Aydın Bayramova şərait yaratdıq ki, oyun praktikasını düzəltsin. Milli komandada start heyətində meydana çıxmaq üçün qapıçılarda rəqabət var. Milli və Aydın bizim üçün dəyərlidir. Bizdə 1-ci və 2-ci qapıçı arasında uçurum yodur. Tiaqoya da demişdik ki, belə olacaq. Öncədən də bilinirdi ki, bu gün qapıda Tiaqo olacaq.
- Bu gün topa ilk toxunuşu Tamerlan Burcəliyev etdi. Futbolçu karyerasını erkən bitirdi və indi məşqçidir. Niyə bu cür qərar verib?
- Məşqçiliyi seçməsi öz qərarıdır. Müdrik qərar verdi. Erkən başlaması məşqçilik karyerası üçün də yaxşıdır.
- Əvvəlki mövsümlərdə "Zirə"də qələbəsizlik seriyası yaranırdı. Nələri dəyişdiz ki, indi bu cür seriya yoxdur?
- Çempionatın ortasında belə ssenarilər oldu. Amma heç kim zəmanət verməyib ki, indi olmayıbsa, gələcəkdə də olmayacaq. Daha çox özümü təhlil edirdim ki, niyə elə perioda düşürdük. Bu il daha çox motivasiya olduq, daha çox öz işimizin üzərində çalışdıq ki, futbolçulara yanlış enerji getməsin. Futbolçular başa düşür ki, builki çempionat əvvəlki kimi deyil. Futbolumuz inkişaf edir. Bu da bizi sevindirir. Amma nəticə qazanmaq da çətinləşir. Futbolçular da bunu düzgün təhlil edirlər ki, 7-ci pillə ilə 2-ci pillə arasında proqnoz vermək olmur. Çempionluğa da aiddir. Hiss edirəm ki, bu mübarizə sona qədər belə gedəcək.