AZ

Zəfər Günü münasibətilə Quzanlı qəsəbəsində bayram konserti keçirilib

Ağdam, 8 noyabr, AZƏRTAC

Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzi meydanında Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, mədəniyyət müəssisələrinin, Ağdam Dövlət Dram Teatrının, Ağdam Musiqi Kollecinin dəstəyi ilə baş tutan bayram tədbirində əvvəlcə Şəhidlər xiyabanı, Şəhidlər abidə kompleksi və Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Ağdam Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Milli Məclisin deputatlarının, şəhid ailələrinin, qazilərin, veteranların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bayram tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar Zəfərin 5-ci ildönümünə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Çıxış edənlər 44 gün davam edən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən, xalqımızın öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən, Müzəffər Ordumuzun 19-20 sentyabr 2023-cü il tarixlərdə həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından bəhs ediblər.

Sonra Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə respublikanın Əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri, Ağdam Dövlət Dram Teatrının aktyorlarının ifasında şeirlər, “Turaci” rəqs qrupunun nömrələri tədbir iştirakçılarına təqdim edilib.

Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Seçilən
31
azertag.az

1Mənbələr