AZ

Mənəviyyatın, əxlaqının ifadəsi

“Azərbaycan Prezidenti İlham Əliyevin 17.11.2009-cu il tarixli sərəncamına uyğun olaraq, hər il noyabr ayının 9-u Azərbaycanda “Bayraq günü” qeyd olunur. Bu gözəl gün münasibətilə başda Ali Baş Komandan olmaqla, dünya azərbaycanlılarını təbrik edirəm.

Bayraq-hər bir millətin milli kimliyinin, dilinin, dininin, mədəniyyətinin, mənəviyyatının, əxlaqının ifadəsidir. Bayraq -milli, etnik, dini, irqi kimliyindən asılı olmayaraq, ölkədə və xaricdə yaşayan bütün azərbaycanlıları birləşdirən simvoldur: “Bayraq-siyasi-diplomatik tədbirlərdən tutmuş, döyüş meydanlarında, idman yarışlarında ən yüksəklərdə görmək istədiyimiz dövlət atributudur. Bayraq-müqəddəsdir. Harada, dünyanın hansı bölgəsində olmağımızdan asılı olmayaraq, üç rəngli bayrağımızı gördükdə, hər birimizin qəlbində doğma, qeyri-adi isti hisslər yaranır. Bu hisslər, ələlxüsus ölkə xaricində bir-birini tanımayan insanları doğmalaşdırır. Nə qədər acı da olsa, Qarabağın işğalı ilə əlaqədar “Bayraq günü”nü layiq olduğu kimi qeyd edə bilmirdik. Ərazimizin 20%-nin erməni tapdağında olması natamamlıq kompleksi yaratmışdı. Çox şükürlər ki, müzəffər Azərbaycan Ordusu tərəfindən tarixi ədalətsizlik bərpa olunur. Ali Baş Komandan İlham Əliyev, Şuşanın azad olunması xəbəri ilə, bu ilki “Bayraq günü”nü əsl bayrama çevirməklə, ən böyük hədiyyəni etmiş oldu. Bu ilki özəlliklərdən biri də, bayrağımızın Şuşada dalğalandığından sonra milyonlarla insanın əllərində bayraq, Azərbaycanın şəhər və rayonlarında, kəndlərdə, xarici ölkələrdə küçələrə axışmasıdır. İkinci məqam isə, üçrəngli bayrağımızla yanaşı, qardaş Türkiyənin, Pakistanın bayraqlarının dalğalanması da çətin anlarda xalqın göstərdiyi vəfa borcu kimi qiymətləndirilməlidir. Azərbaycan xalqı çətin, taleyüklü vəziyyətlərdə göstərdikləri dəstəyə görə digər  ölkələri də daim minnətdarlıq hissi ilə xatırlayacaqdır. Əziz həmvətənlər, bir daha “Bayraq günü” münasibətilə hər birinizi təbrik edir, hər birinizə əmin-amalıq, xoşbəxt həyat arzulayıram. Müqəddəs Bayrağımız uğrunda həyatlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin. Bayrağımız hər zaman yüksəklərdə dalğalansın!!!”

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı

 

Seçilən
15
sabahinfo.az

1Mənbələr