AZ

AZADLIQ MEYDANDANINDAN YÜKSƏLƏN ZƏFƏR TƏNTƏNƏSİ




Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


8 noyabr, Bakı. Bu gün paytaxtımız – şəhidlərimizin müqəddəs ruhu ilə isinən Bakımız bir daha qürurdan silkələndi. Azadlıq Meydanı beş il əvvəl bütün Azərbaycanın sinəsini qabardan o möhtəşəm Zəfərin təntənəsinə qucaq açmışdı. Bu, sadəcə bir hərbi parad yox, Dəmir Yumruğun əzəli-əbədi Qələbə ruhunun göylərə ucalan nidası idi! Meydan Ümummilli Lider Heydər Əliyevin və şanlı şəhidlərimizin xatirəsinə sayğı ilə susanda hər kəsin qəlbində böyük bir and, bir Vətən qüruru titrədi. Amma o sükut tezliklə Müzəffər Ali Baş Komandan İlham Əliyevin gur, qətiyyətli səsi ilə əvəzləndi. O səs, illərlə çəkilən zəhmətin, yenilməz iradənin və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin son, həlledici hekayəsini danışırdı.

Cənab Prezident öz nitqinə qardaşlıq və sarsılmaz həmrəylik notları ilə başladı. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından etibarən nümayiş etdirdiyi siyasi və mənəvi dəstək minnətdarlıqla anıldı. Bu dəstək xalqımıza əlavə güc və inam verdi. Bu gün Türkiyə və Azərbaycan əlaqələri Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə qalxıb. Bu tarixi paradda ilk dəfə iştirak edən qardaş Pakistan hərbçiləri isə üç qardaş xalqın – Azərbaycanın, Türkiyənin və Pakistanın hərbi və mənəvi birliyinin necə əzəmətli olduğunu dünyaya bəyan etdi. Bu, sadəcə dostluq deyil, qarşılıqlı dəstəyin və ayrılmaz tale birliyinin təntənəsi idi!

Cənab Prezident İlham Əliyev xatırlatdı ki, Azərbaycan illərlə ədalət üçün sülh danışıqları masasında səbrlə gözlədi. Lakin düşmənin haqsız və azğın iddiaları bu danışıqları iflasa uğratdı. O illərdə bəziləri Bakını hədələyir, tanklarının Azərbaycanın paytaxt küçələrində olacağını xəyal edirdilər. Ali Baş Komandanın cavabı isə həm kəskin, həm də düşməni dərindən yaralayan yumorla dolu idi: "Onların bu arzuları həyata keçdi, amma onları biz gerçəkləşdirdik! Bu gün düşmənin tankları Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, hərbi cinayətkarlar isə Bakıda, istintaq təcridxanasında Azərbaycan çayını içirlər!" Bu sözlər meydanda bir qürur dalğası yaratdı, Azərbaycanın həm döyüş meydanında, həm də siyasi arenada qazandığı tam üstünlüyün danılmaz təsdiqi oldu.

Ölkə başçısı Qələbənin sadəcə 44 gündə deyil, illərlə davam edən, əzmlə və uzaqgörənliklə aparılan strateji hazırlığın nəticəsi olduğunu vurğuladı. Bu hazırlıq maliyyə müstəqilliyini təmin edən qüdrətli bir iqtisadiyyatın yaradılmasını, xalqın iqtidarla sarsılmaz vəhdətini, Vətən sevgisi ilə böyüyən yeni nəslin yetişdirilməsini və ən son texnika ilə təchiz edilmiş, yüksək döyüş qabiliyyətli Ordunun qurulmasını əhatə edirdi. Bütün bu amillər birləşərək Ordumuzu 44 gün ərzində bir an belə dayanmadan irəliyə apardı, hər gün bir kənd, bir şəhər düşmən əsarətindən azad edildi. Nəhayət, 8 noyabrda "alınmaz qala" Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı və kapitulyasiya aktına imza atmasına səbəb oldu.

Çıxışının ən parlaq məqamında Cənab Prezident bu gün Qarabağda və Şərqi Zəngəzurda başlayan “Böyük Qayıdış” Proqramından danışdı. Bu torpaqlarda məktəblər, xəstəxanalar, evlər tikilir, həyat yenidən canlanır. Artıq 60 mindən çox insan bu dirçələn torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bu, sadəcə bərpa deyil, millətin öz evinə qayıdışının qəhrəmanlıq dastanıdır! Meydanı titrədən yekun sözlər Azərbaycanın tarixi qətiyyətinin ifadəsi oldu: "Biz – bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır!"
Və yekun, sarsılmaz, əbədi nida: "Qarabağ Azərbaycandır!"






Seçilən
40
aia.az

1Mənbələr