BAKI, 9 noyabr. TELEQRAF
Britaniya hakimiyyəti sanksiya şəraitində Rusiyadan təyyarələrin alınmasını araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "The Observer" qəzeti məlumat yayıb.
Qəzet Biznes və Ticarət Departamentinə istinadən xəbər verib ki, Böyük Britaniya 2025-ci ilin yanvar-iyun ayları arasında Rusiyadan 80 milyon funt sterlinq (105 milyon dollar) dəyərində mal idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,2% artım deməkdir. Bu məbləğin təxminən yarısı — 36,3 milyon funt sterlinq (47,7 milyon dollar) — Rusiyadan təyyarə alışı olub. Məqalədə hansı təyyarələrin idxal edildiyi göstərilməyib.
Britaniya rəsmiləri "Rusiya üçün əhəmiyyətli gəlir gətirə biləcək" təyyarə və texnologiyanın əldə edilməsini qadağan edən mövcud sanksiyalar rejimi çərçivəsində bu alışlara icazə verilib-verilmədiyini təsdiqləyə bilməyiblər:
"Qəzetə açıqlama verən Böyük Britaniya hökumətinin sözçüsü xəbərdarlıq edib ki, məhdudlaşdırıcı tədbirlərə əməl edilməməsi ağır cərimələr və ya hətta cinayət məsuliyyətinə cəlblə nəticələnir. Ticarət sanksiyalarını pozduğuna inanan şirkətləri hökumətə məlumat verməyə çağırırıq"deyə, məqalədə qeyd edilib.
Daha əvvəl Rusiyanın Londondakı səfiri Andrey Kelin TASS müxbiri ilə söhbətində bildirib ki, Birləşmiş Krallığın məhdudiyyətləri qanunsuz rəqabət üstünlükləri əldə etməyə yönəlib, lakin nəticədə bu, Britaniya biznesinə mənfi təsir göstərib.