AZ

Professor Kərim Şükürov: 15 cildlik “Azərbaycan tarixi”nin çapa hazırlanır

Dünyada Azərbaycan tarixi qədər mürəkkəb inkişaf yolu keçmiş ikinci bir ölkə yoxdur. Azərbaycan ərazisində mövcud olmuş 20 xanlığı tədqiq etmək üçün 40-a yaxın dövlət tarixini öyrənmək lazımdır. Qədim dövrümüz də fundamental tədqiqata cəlb edilməlidir və bunun üçün mixi yazılarını bilən gənc kadrlara ehtiyac vardır. Tarix və Etnologiya İnstitutunun 2026-2030-cu illərdə fəaliyyətinə dair yeni planda prioritet istiqamətlər başlıca vəzifə olaraq müəyyənləşdirilib. Tarix və Etnologiya İnstitutu Azərbaycan tarixinin tədqiqi istiqamətində əlindən gələni edir. Cənab Prezidentin qarşımıza qoyduğu vəzifələrin, çağırışların icrası istiqamətində var gücümüzlə çalışacağıq.

Bu sözləri AMEA-nın Rəyasət Heyətində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan tarixi ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda keçirilən yığıncaqda AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov deyib.

“Tariximizin öyrənilməsi: hazırkı vəziyyət, müasir çağırışlar və vəzifələr” mövzusunda məruzəsində professor Kərim Şükürov dövlət başçısının bundan öncə 2005, 2011 və 2015-ci illərdə Azərbaycan alimləri qarşısında çıxış edərək onların gələcək fəaliyyət istiqamətlərinə dair tapşırıqlar verdiyini, AMEA-nın 80 illik yubileyindəki nitqinin isə ictimai-siyasi, elmi həyatımızın əsas hadisəsinə çevrildiyini, tarix elmi qarşısında ciddi vəzifələr qoyduğunu söyləyib. Qeyd edib ki, dövlət başçısının tapşırığından irəli gələrək və müasir texnologiyalardan istifadə etməklə Azərbaycan tarixi, eləcə də Azərbaycanın dövlətçilik tarixi yenidən dərindən araşdırılacaq, nəticələr dünya miqyasına çıxarılacaq.

Cənab Prezidentin kartoqrafiya məsələlərinə xüsusi diqqət yetirdiyini deyən alim bu gün dünyada kartoqrafiya müharibəsinin getdiyini, hazırda Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Tarixi Atlası”nın hazırlandığını bildirib. Qeyd edib ki, atlasda 50-yə yaxın xəritəyə yer verilib və tədqiqat işi ETSN-in Geodeziya və Kartoqrafiya Agentliyi ilə birgə aparılıb, ilk dəfə xəritələrin coğrafi koordinatları əksini tapıb.

Son illərdə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən birinin də Qərbi Azərbaycanla bağlı olduğunu deyən professor Kərim Şükürov akademik İsa Həbibbəylinin təklifi əsasında Tarix və Etnologiya İnstitutunda Qərbi Azərbaycan şöbəsinin yaradıldığını və tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun həmin şöbənin müdiri təyin edildiyini söyləyib. Vurğulayıb ki, qısa müddət ərzində şöbədə bir sıra tədqiqatlar aparılıb və həmçinin cəmiyyətdə, beynəlxalq elmi müstəvidə bu istiqamətdə Azərbaycanın həqiqətlərindən çıxış edərək təbliğat işləri həyata keçirilir.

Həmçinin xalqımızın tarixi torpaqlarından deportasiyası ilə bağlı sənədlər toplusunun çapa hazırlandığını diqqətə çatdıran professor Kərim Şükürov bununla bağlı Rusiya və Gürcüstan arxivlərindən müvafiq sənədlərin əldə edilməsi üçün yazışmaların davam etdirildiyini bildirib. Bundan əlavə, ikicildlik “Zəngərur tarixi” kitabının hazırlandığını və tezliklə birinci cildinin çap ediləcəyini diqqətə çatdırıb.

Seçilən
38
aznews.az

1Mənbələr