AZ

Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

ABŞ-nin Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü, Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbənin 5-ci ildönümü və 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin Dövlət Bayrağı qaldırılıb.

Bu barədə Bakıvaxtı.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, üçrəngli bayrağımız Nyu-Yorkun simvolu və maliyyə mərkəzi sayılan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən olan "Wall Street"dəki "Bowling Green" parkında ucaldılıb. Bu məkan Nyu-York şəhərinin ilk rəsmi parkı və nəhəng bayraq meydanı kimi tanınır.

Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutan mərasimdə çıxışlarda 8 Noyabr – Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs olunub, Azərbaycan xalqının 30 ilə yaxın həsrətlə gözlədiyi qələbənin qürurunu və sevincini yaşadığı vurğulanıb. 44 günlük Vətən müharibəsi dövründə xalqımızın bir amal uğrunda yumruq kimi birləşdiyi qeyd olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, qəhrəman şəhid və qazilərimizin tarix yazdıqları, onların Vətən uğrunda göstərdikləri fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağı diqqətə çatdırılıb.

Daha sonra Dövlət Himnimizin sədaları altında bayrağımız havaya qaldırılıb.

Mərasimi yerli əhali və turistlər də maraqla qarşılayıb, bayrağımızın fonunda şəkil çəkdiriblər. Soydaşlarımız onlara ölkəmiz haqqında məlumatlar veriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı 10 gün “Bowling Green”də dalğalanacaq.

Seçilən
7
19
bakivaxti.az

10Mənbələr