AZ

Yeni sponsor tapan klubda bıçaq sümüyə dirənib – Futbolçular "üsyan" edir!

II Liqanın iddialı klubunda bıçaq sümüyə dirənib.

Futbolçular sentyabr ayının maaşları üçün get-gələ düşüb.

Söhbət bir neçə ay əvvəl yeni sponsorun himayəsinə keçən “Sheki City”dən gedir.

Redaksiyamıza daxil olan məlumata görə, rəsmilər müxtəlif bəhanələrlə oyunçuları boğaza yığıb.

Təxminən 10 gün əvvəl futbolçulara məvaciblərin “Karvan-Yevlax”la kubok qarşılaşmasından əvvəl veriləcəyi deyilib. Vaxt-vədə yetişib, pul üzü görməyiblər.

Komanda üzvlərinə oyundan sonranı gözləməyi məsləhət görüblər. Yenə səs çıxmayıb. Son tarix olaraq “Göygöl”lə matçdan əvvəli göstəriblər. Lakin yenə pullar paylanmayıb. Buna baxmayaraq, futbolçular oyuna çıxıb.

Artıq nə səbr etməyə imkanları qalıb, nə də gözləməyə. Komandanın gündəlik məşqlərini keçdiyi “Rekord Arena” qapılarını “Sheki City”nin üzünə bağlayıb.

Futbolçular isə bu gündən etibarən məşqləri boykot edib. Deyilənə görə, klubun əsas söz sahibi ölkə xaricindən qayıdan kimi problem öz həllini tapacaq.

Futbolçular hazırda sponsorun yolunu gözləyir. Maaşlar ödənməyənə qədər məşqdən və oyundan söhbət getməyəcək.

Sentyabrın əməkhaqqıları azmış kimi, artıq oktyabr ayının maaşlarının vaxtı çatıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
26
sportinfo.az

1Mənbələr