Noyabrın 8-də Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad zamanı nümayiş etdirilən texnikalar Azərbaycan Silahlı Qüvvələrinin çoxşaxəli, müasir və inteqrasiya olunmuş döyüş potensialını aydın şəkildə göstərdi. Paradda ilk dəfə təqdim olunan və silahlanmaya yeni qəbul edilən “HQ-9BE” uzaqmənzilli zenit-raket kompleksi Azərbaycanın hava məkanının çoxsəviyyəli və etibarlı müdafiə sisteminin bir hissəsi kimi diqqət çəkdi.
Bəs Rusiyanın S-400 “Triumf” kompleksi ilə Çinin “HQ-9” sistemi arasında əsas fərq nədən ibarətdir və hansı daha güclüdür?
Hər iki kompleks uzaqmənzilli hava hücumundan müdafiə sistemidir.
Çinin “HQ-9” sistemi “China Aerospace Science and Industry Corporation” (CASIC) tərəfindən hazırlanıb və bəzi mənbələrə görə, Rusiyanın “S-300” kompleksinin modifikasiyası və ya onun nüsxəsi hesab olunur. “HQ-9BE” Çinin “FD-2000” kimi tanınan “HQ-9” hava hücumundan müdafiə sisteminin ixrac versiyasıdır. Sistem təyyarələr, qanadlı raketlər, hava-yer raketləri və ballistik raketlər də daxil olmaqla, 1000 kilometrə qədər məsafədə müxtəlif hava hədəflərini aşkar etmək və məhv etmək üçün nəzərdə tutulub.
“HQ-9BE” sistemi ilk dəfə ötən ilin fevral ayında Əbu-Dabidə keçirilən IDEX 2025 ticarət sərgisində Çin müdafiə şirkətləri “Norinco” və CATIC tərəfindən təqdim edilib. Modulyar quruluşu, uzun mənzilli və güclü elektron müqavimət imkanları müxtəlif ölkələrin diqqətini cəlb edib.

S-400 “Triumf” sistemi
Rusiyanın “Almaz-Antey” konserni tərəfindən istehsal edilən “S-400” hazırda dünyanın ən qabaqcıl uzun mənzilli zenit-raket komplekslərindən biri sayılır. Sistem eyni anda bir neçə hədəfi 400 kilometr məsafəyədək vura bilir.

Texniki göstəricilər:
İstehsalçı ölkə: Rusiya
Qiyməti: təxminən 1,25 milyard dollar
Sürət: 17 000 km/saat (təxminən Mach 14)
Mənzil: 120–600 km
Üstünlükləri: Yüksək hərəkət qabiliyyəti, geniş diapazonlu radar sistemi, çoxhədəf izləmə imkanı və müxtəlif raket növləri ilə çevik müdafiə.
“S-400” 10 metrdən 30 kilometr hündürlüyədək hədəfləri vura bilir. Radarı 600 km-ə qədər məsafədə obyektləri aşkarlayır, eyni anda 300 hədəfi izləyə və 36-sını məhv edə bilir.
Kompleksin ən güclü raketi olan 40N6E, 400 km məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir. Sistem 5–10 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilə bilər və “S-300”, “Pantsir”, “Tor” kimi digər Rusiya kompleksləri ilə inteqrasiya olunur.

Çin istehsalı “HQ-9” sistemi
“HQ-9” (“Hong Qi-9”) zenit-raket kompleksi Çin tərəfindən hazırlanıb. ZRK-nın texnologiyasında həm Rusiyanın “S-300”, həm də ABŞ-ın “Patriot” sistemlərinin bəzi elementlərindən istifadə olunub.

Texniki göstəricilər:
İstehsalçı ölkə: Çin
Qiyməti: təxminən 599 milyon dollar
Sürət: təxminən Mach 4.2
Mənzil: 120–300 km
Hədəflər: döyüş təyyarələri, qanadlı və taktiki ballistik raketlər, hava-hava raketləri.
“HQ-9” sisteminin bir neçə versiyası mövcuddur:
“HQ-9A” – təkmilləşdirilmiş elektronika və proqram təminatı,
“HQ-9B” – 300 km-ə qədər uzaqmənzilli versiya,
“HHQ-9” – dəniz qüvvələri üçün variant,
“FD-2000” – ixrac üçün nəzərdə tutulan model,
“HQ-9P” – Pakistan üçün modifikasiya edilmiş versiya.
Kompleksin radar sistemi 100-dən çox hədəfi eyni anda izləyə və 6–8-ni vura bilir. “HQ-9B” versiyası 50 km hündürlüyədək hədəfləri məhv edə bilir. Sistem mobil olduğuna görə tez yerləşdirilə və döyüş mövqeyini dəyişə bilir.
Hazırda bu kompleks Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin əsas müdafiə vasitələrindən biridir. ZRK həmçinin Pakistan, Əlcəzair, Türkmənistan, Özbəkistan və Misir kimi ölkələrə ixrac olunub.
Ekspertlərin fikrincə, S-400 “Triumf” sistemi həm məsafə, həm radar diapazonu, həm də eyni anda izləyə bildiyi hədəflərin sayına görə “HQ-9” kompleksindən üstündür.

“S-400” ün raketləri daha sürətli hərəkət edir, “stealth” texnologiyalı təyyarələri aşkar etməkdə daha effektivdir və eyni vaxtda daha çox hədəfi məhv edə bilir.
Musavat.com