Ankara şəhərində fəaliyyət göstərən Azaflı Sosial Yardım və Kültür Dərnəyində 8 Noyabr - Zəfər Gününün 5 illiyi münasibətilə tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və iki qardaş ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Dərnəyin sədri Arzuman Azaflı qeyd edib ki, Azərbaycan xalqı və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bu gün müstəqil Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan Zəfər Gününün 5-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edir.
Tədbirdə "Qarabağ salnaməsi" filmi nümayiş etdirilib.
Daha sonra professor Toğrul İsmayıl çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq göstərməsini, ölkəmizin ərazi bütövlüyünün bərpasını və bu Zəfərin xalq-ordu birliyinin təntənəsi olduğunu tarixi faktlarla diqqətə çatdırıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordunun peşəkarlığı, xalqın birliyi və dəmir iradəsi sayəsində bu möhtəşəm Qələbə qazanılıb.
Tədbir çərçivəsində, həmçinin Hacettepe Universitetində tarix ixtisası üzrə bakalavr və magistr təhsili almış Kürşat İsmayılın müəllifi olduğu "Azerbaycanın modernleşmesi" kitabının təqdimatı keçirilib.
Sonda tarixçi alimlər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.