Çin hökuməti ABŞ müəssisələri, təşkilatları və fiziki şəxslərinə məxsus və ya icarə olunan gəmilərə tətbiq edilən xüsusi liman rüsumlarını ləğv edib.
"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çinin rəsmi media orqanları hökumətə istinadla məlumat yayıb. Bundan başqa, Cənubi Koreyanın ən iri gəmiqayırma şirkətlərindən olan “Hanwha Ocean”ın ABŞ-la əlaqəli olan 5 müəssisəsinə tətbiq olunan sanksiyalar ləğv edilib.
Qeyd edək ki, Çinin Nəqliyyat Nazirliyi ABŞ-ın Çin gəmilərinə əlavə liman rüsumları tətbiq etmək qərarına cavab olaraq oktyabrın 14-dən ABŞ gəmilərinə xüsusi rüsumlar tətbiq edir.
Rəsmi Pekin oktyabrın 14-də ABŞ-ın Çinin dənizçilik, gəmiçilik və logistika sahələrinə yönəlmiş tədbirlərinə cavab olaraq “Hanwha Ocean”ın ABŞ-la əlaqəli olan 5 müəssisəsinə sanksiya tətbiq edəcəyini açıqlamışdı.
Çinin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında oktyabrın 30-da Cənubi Koreyanın Busan şəhərində keçirilmiş görüşdə iki ölkə arasında iqtisadi-ticari məsələlərin həllinə dair razılıq əldə olunub.
"Cebheinfo.az"