Yazının maraqlı yeri axırda olacaq. Əvvəlcə deyim ki, düzünü söyləməsəm sovet dövrünü görmüş, nisbətən yaşlı adamlar düzəliş edər.
Sovetin vaxtında insanlar nəyin, hansı sözün necə yazılmasını dəqiq bilmək üçün qəzetlərə baxardılar.
Müstəqilliyin əvvəllərində qəzetlərdə hələ də korrektorlar olurdu. Mətbuatla ilk dəfə 1992-ci ildə, o vaxtki “Azadlıq” qəzetilə əməkdaşlıq etməyə başlamışam. Bir yox, hətta iki korrektor vardı, halbuki o vaxt “Azadlıq” hələ gündəlik qəzet də deyildi. Onlardan birinin adını təəssüf, unutmuşam, amma digəri hələ də yadımda qalıb: rəhmətlik Nəsir müəllim, bəli, Nəsir Əhmədli! Həm də Universitetin müəllimi idi. Gözəl də korrektor idi, nəinki hərf, hətta nöqtə-vergül də nəzərindən qaçmazdı.
Təəssüf ki, sonrakı illərdə hər şey unuduldu, hər şey daha da təkmilləşmək, mükəmməlləşmək əvəzinə əksinə oldu. Bəziləri bunu onunla izah edir ki, guya qəzetlər-filan çoxaldı. Belə deyildi, sovetin vaxtında az qala, hər nazirliyin, hər qəsəbənin qəzeti vardı. Onların problemi başqa idi – hamısı ümumi ideoloji maşının bir elementi idi, amma orfoqrafiyayla, korrektura ilə bağlı problem olmazdı..
Bu günlərdə dilimizin problemləri yenə də gündəmə gəldi. Adam düşünür ki, hər halda, otuz ildən çoxdur mediayayla bağlıyıq, bəlkə bizim də sözümüz kiminçünsə maraqlı ola bilər?..
Dilin orfoqrafiya və digər akademik promlemlərinə gələndə, sovet vaxtı terminologiya komitəsi - filan vardı, onlar dilə yeni sözlərin daxil olmasını nizamlayır-tənzimləyirdilər. İndi də buna ehtiyac var və daim də olacaq: yeni terminlər yaranır, nəinki elmdə və mədəniyyətdə, hətta daha kütləvi sferalarda. Bunlar tənzimlənməlidir.
Orfoqrafiya da çox lazımlı məsələdir. Bunlar indi də var, sovet vaxtındasa cild-cild lüğətlər çap olunardı. Amma burada da çox gülməli, məzəli məqam olur. Məsələn, sonuncu dəfə oxumuşdum ki, daha “ssenari” sözü bir “s”lə yazılacaq. İndi mən bir “s” yazıram, başına döndüyüm gənclər bir “s” də artırırlar, iki “s” yazıram, birini pozurlar.
Qərəz, bu, problemin sırf akademik tərəfləridir. O ki qaldı mediaya, xüsusən də mətbuata, burada problem daha dərindir: yazılı media özü sıradan çıxır, ondan qala, onun dili ola! Ən böyük problem budur: yazılı-çap mediasını xilas etmək mümkün olsa, onun dilini də, başqa nöqsanlı tərəflərini də düzəltmək çox asan işdir.
O ki qaldı dilin bir ictimai-siyasi institut kimi problemlərinə, təəssüf ki, məsələ bir az başqa cürdür.
Məsələn, gənclərimiz işə düzələndə onlardan hələ rus dilini bilib -bilməmələri soruşulur. Anlamaq olmur ki, bura Rusiyadır, yoxsa başqa ölkə?
Özümüz həm də rus dilində yazan jurnalist olsaq da anlaya bilmirik: dəfələrlə yazmışıq ki, rus dilini də bilmək gənclərimiz üçün daha bir üstünlükdür, nə qədər sahə sadalamaq olar ki, orada rus dilini də bilmək gənclərimiz üçün böyük üstünlükdür.
Amma acı reallıq var, başınızı qaldırın, dünyaya baxın: Rusiyadan və bir–iki post-sovet ölkəsindən başqa bu dil harada xüsusi önəm kəsb edir?
Əlbəttə, tamam kiçik linqvistik areal da deyil, ən əsası da az qala, qulağımızın dibindədir və daim nəzərimizdə olmalıdır, çünki həm də çox ciddi geosiyasi faktordur. Böyük Seyid Əzim demişkən: bilməsək dil, əlacımız yoxdur! Odur ki, rus dilini də öyrənin, heç bir ziyanı yoxdur, əksinə bəlkə də xeyri var, amma nə özünüz başqaları üçün problem olun, nə də başqaları sizin üçün problem olsun.
Problem bir azca başqa bir müstəvidədir. Maraqlısı nədir? Bir məmurumuz ingilis dilində haradasa çıxış edəndə, nəsə deyəndə hamı deyir ki, gördün, necə yaxşı bilir ingilisi! Çox yaxşı! Bəs onda bu yazıq gənclərdən niyə ingilis dilini yox, rusu tələb edirsiz?..
Bunun qərəz kimi qəbul edilə biləcəyinə görə, şübhələnə bilənlərə məcburam ki, özümlə bağlı bir-iki detalı açıqlayım ki, onlar da mənim səmimiyyətimə inansınlar.
Mən də təhsilimin çoxunu rus dilində almışam. Bu vaxta qədər oxuduğum kitabların 90 faizi rusca olub. İndinin özündə hansısa bir kitabın həm rus, həm azərbaycanca versiyası varsa, rusca olanı seçirəm. Bunun başqa səbəbi də var. Məndən inciməsinlər, bizim nəşriyyatlara inamım yoxdur. Dəfələrlə elə kitablarda elə səhvlərə rast gəlmişəm ki, adamı lap dəhşət bürüyür: bu gözəllikdə əsəri bu günə salmaq olarmı?..
Qardaş Türkiyədə çox gözəl kitablar çap olunur, orada kitabçılıq hələki industriyadır. Hər cür kitablar var, dünyada çap olunan bütün kitabları indi Türkiyədə nəşr edirlər.
Amma şəxsən mənim bir problemim var: təəssüf ki, Türkiyənin ləhcəsini o qədər yaxşı bilmirəm, oxuyuram, amma çox ləng! Maşallah, gənclərimizin bu problemi yoxdur, onlar Türkiyə ləhcəsini bizdən fərqli olaraq, çox rahat götürür. Ona görə də onlara Türkiyədə çap olunanları da tövsiyə edərdik, hərçənd, maşallah, gənclərmiz belə şeyləri bizdən də yaxşı bilirlər, bizim məsləhətimizə bəlkə heç ehtiyacları da yoxdur...
Elə bu səbəbdən burada dilimizlə bağlı daha bir ciddi problemi qaldırardıq: mediadan da çox nəşriyyatların işinə diqqət artırılsın. Başqa şey demirəm: söhbət yalnız dildən gedir. Həm də onlara da dəstək göstərilsə, çox yaxşı olar: yazıqlar pis iş görmür ki, millətçün kitab çap edirlər də...
Nəhayət, bir problemimiz təzədən yaranır: bəzi insanlarımız yenə özlərini “rusdilli” adlandırmağa başlayıblar. Bir daha deyirik ki, ay başınıza dönüm, rus dilini bilirsiniz, çox gözəl! Dünyada adamlar olub, indi də var ki, onlarla dil bilib və hazırda da bilirlər.
Bir dəfə oxumuşdum ki, sovet vaxtı akademik Marr olub, hansı ki, 60-dan çox dil bilib. Təxminən eyni şeyi türk filosofu Fərabilə bağlı oxumuşam, amma adam az qala, min il bundan əvvəl yaşadığına görə çox vurğulaya bilmirəm: indi dəqiq necə bilək ki, Fərabi kişi neçə dil bilibdir? Amma nəzəriyyələrinin çoxu qəbul olunmasa da akademik Marr çox da uzaq keçmişdə yaşamayıb. Odur ki, soruşuram: adam özünü hansısa dilli elan etməli idi?
Dildən söhbət düşəndə bir dəfə keçmiş dostlardan biri qayıtdı ki, barmen tanıyırdım, səkkiz dil bilirdi!..
Başınıza dönüm, nəticəni özünüz çıxarın. Hələ demirəm ki, ingilisi qabartsam da (əslində mənim mövqeyim-filan deyil, reallıqdır, yəni “ingilis şpionu”-filanı deyiləm) özüm çox təəssüf ki, bu dili zəif bilirəm.
Əslində rus dilinin “at oynatması” mənim də “maraqlar”ıma daha çox cavab verməli idi, amma məndən, sizdən asılı olmayan reallıqları var bu dünyanın.
Bu reallıqlar hətta sovetin vaxtın da nəzərə alınırdı. Orta məktəbdə alman dili keçmişdim, amma Moskva Universitetində məni də, digər qrup yoldaşlarımızı da ingilis qrupuna yazdılar ki, ingilisi bilməsəniz elmi ədəbiyyatı oxuya bilməyəcəksiniz!
Odur, tələbəlik vaxtı, tələffüzüm pis olsa da, danışıq dilini pis bilsəm də, demək olar, mənə lazım olan ingiliscə ədəbiyyatı sərbəst oxuyurdum. Sonralar, necə deyərlər, it də getdi, ip də! Heç olmasa, gəncləri düzgün istiqamətləndirək.
Həm də sovet vaxtında görürdüm ki, bəziləri rus dilini bilməyi forslanmaq üçün gözə soxurdular. Halbuki o vaxtki rusdillilərin böyük əksəriyyətinin nə rus ədəbiyyatından, nə elmindən, nə də sənətindən təsəvvürləri yox idi.
Şükür, indi belə şey yoxdur, sovet vaxtı həmin rusdillilər özlərini “bakinets” adlandırır, rayonlu azərbaycanlılara “çuşka” deyirdilər. Mirzə Fətəli, Seyid Əzim, Vəzirov, Haqverdiyev, böyük Mirzə Cəlil, Zərdabi, Sabir, Hüseyn Cavid, Hadi, böyük Üzeyir bəy! Sovet vaxtı Səməd Vurğun, Rəsul Rza, neçə-neçə başqa şair və yazıçılar, Məmmədəliyev, Zahid Xəlilov, Mirabbas Qasımov və Xudu Məmmədov kimi alimlər! Bunların hamısı Azərbaycanın müxtəlif bölgələrindən idilər. Yəni böyük Üzeyir bəy də, iraq-iraq, “çuşka” idi?..
Bir daha deyirəm ki, indi şükür, belə problemlər yoxdur və heç olmamalıdır da: hamımızın bir vətəndaş kimi ictimai mədəniyyəti də olmalıdır axı...