AZ

100 il itkin sayılan Habsburq brilyantı Kanadada tapıldı

Florensiyalı brilyant — tarixə damğa vuran daş
Tribunainfo.az xəbər verir ki,137 karatlıq “Florensiyalı” brilyant (digər adıyla “Florentine”) tarixdəki ən əfsanəvi daşlardan biridir. Bıldırcın yumurtası böyüklüyündə olan bu sarı brilyant bir vaxtlar Medici sülaləsinə, daha sonra isə Habsburqlara məxsus olub.

İki dünya müharibəsi dövründə onun izi itmişdi, lakin indi — bir əsrdən sonra — daşın Kanadada gizli saxlandığı üzə çıxıb.

İmperatriça Zitanın sirri

Kanadanın The Globe and Mail nəşri yazır ki, Avstriyanın və Macarıstanın sonuncu imperatriçası Zita Burbon-Parmskaya “Florensiyalı” brilyantı və digər qiymətli daşları Birinci Dünya Müharibəsində imperiyanın süqutundan bir neçə gün əvvəl Vyanadan çıxara bilib.

Ailəsi ilə birlikdə Avropada illərlə sürgün həyatı yaşayan Zita sonda Kanadaya — Kvebekə köçüb. O, burada katolik rahibələrə məxsus bir evdə yaşayıb, brilyant isə bank anbarında gizli saxlanılıb.

İmperatriçanın nəvəsi Lorens fon Habsburq Montrealdakı çıxışında deyib:

“Biz bu zinət əşyalarını Kanadada saxlayacağıq — bu, nənəmizə on il dinc həyat bəxş edən ölkəyə minnətdarlığımızdır. Kanada onun üçün sığınacaq idi, indi bu daşlar üçün də olacaq.”

Brilyantın mənşəyi

“Florensiyalı” brilyant ilk dəfə Renessans dövründə Florensiyanın hökmdarları olan Medici ailəsinin kolleksiyasında qeyd olunur. Elə oradan da adı yaranıb.

1737-ci ildə sülalənin son kişi varisi vəfat etdikdən sonra Toskana və onun sərvətləri Müqəddəs Roma imperatoru Frans I və onun həyat yoldaşı Mariya Tereziya — Habsburq sülaləsinə keçdi.

Avstriya-Macarıstan imperiyasının süqutundan sonra 1919-cu ildə yeni respublika Habsburqların əmlakını müsadirə etsə də, ailə öz şəxsi zinət əşyalarını, o cümlədən “Florensiyalı” brilyantı İsveçrəyə çıxara bilmişdi.

Sürgün illəri və gizlədilən xəzinə

İmperator Karl sürgündə, 1922-ci ildə Maderada pnevmoniyadan vəfat etdi. Zita isə uşaqları ilə Avropanı gəzərək, nasist Almaniyasına qarşı mövqeyinə görə təqiblərə məruz qaldı. İkinci Dünya Müharibəsi başlayanda Habsburqlar Belçikadan Kanadaya qaçdılar.

Onların sığındığı ev köhnə, soyuq və sadə idi. Zita qara geyimdə gəzər, bəzən zəncirotu yarpağından sup bişirər, kran suyu içərmiş. Amma o, müsahibələrində daim Kanadada yaşamaqdan məmnun olduğunu söyləyirdi.

Brilyant və digər ailə zinət əşyaları isə bu illər ərzində Kvebekdəki bank anbarında gizlədilmişdi.

100 illik sükutun sonu

Zita imperatriça övladlarına tapşırmışdı ki, bu xəzinənin yeri ərinin ölümündən 100 il sonra, yəni 2022-ci ilə qədər gizli saxlanılsın. Daha üç il ailə bu qərarı müzakirə edib və nəhayət 2025-ci ildə sirri açıqlayıb.

Hazırda dəqiq bilinmir, brilyant Kvebekin hansı hissəsində saxlanılır. Lakin daş və digər qiymətli əşyalar Kanadada qalacaq və yaxın vaxtlarda ictimaiyyətə nümayiş etdiriləcək.

Kvebekin mədəniyyət naziri Matye Lakomb bildirib ki, hökumət Kvebekin İncəsənət Muzeyi ilə birlikdə bu xəzinəni sərgiləmək üçün hazırlıqlara başlayıb.

Tarixi tapıntılar dalğası

Qeyd edək ki, bir müddət əvvəl Litvada da oxşar hadisə baş verib: orta əsr krallarına aid xəzinələr bir kilsə binasının altında aşkarlanıb. Onlar da bərpa edildikdən sonra ictimaiyyətə təqdim olunacaq.

İmran Kərimli

Seçilən
38
1
tribunainfo.az

2Mənbələr